17–20 iyun tarixlərində Bakı Ekspo Mərkəzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Marsol MMC-nin birgə təşkilatçılığı ilə keçirilən VII Yerli Şirkətlərin Tanıtım Sərgisi uğurla başa çatıb.
Dörd gün davam edən sərgidə 300-dən çox yerli şirkət məhsul və xidmətlərini nümayiş etdirib. Təxminən 36 min ziyarətçinin qatıldığı tədbir sahibkarlar, dövlət və özəl sektor nümayəndələri, eləcə də xarici qonaqlar üçün yeni əməkdaşlıq imkanlarının yaradılması, biznes əlaqələrinin genişləndirilməsi və yerli istehsalın təşviqi baxımından mühüm platformaya çevrilib.
Sərginin təşkilati işlərinə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) könüllüləri də fəal dəstək göstəriblər. Tədbirdə iştirak edən 200-ə yaxın UNEC tələbəsi ziyarətçilərin qarşılanması və istiqamətləndirilməsi, stendlər üzrə məlumatlandırma, qeydiyyat və digər təşkilati proseslərin həyata keçirilməsində məsuliyyətlə çalışaraq sərginin uğurlu təşkilinə töhfə veriblər.
Sərginin sonunda keçirilən təltifetmə mərasimində fəallığı ilə seçilən könüllülər sertifikatlarla mükafatlandırılıblar.
Yekun qala gecəsində isə UNEC Yaradıcılıq Mərkəzinin Rəqs Ansamblı maraqlı bədii proqramla çıxış edib. Sərginin təşkilinə göstərdiyi könüllü dəstəyə görə UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri İlkan Əliyev plaketlə təltif olunub.
Bununla yanaşı, sərginin keçirilməsində xüsusi fəallıq göstərən UNEC THİK könüllüləri komitə tərəfindən təşəkkürnamələrlə mükafatlandırılıb.