UNEC-in rektoru, professor Ədalət Muradov tələbə təşkilatlarının sədrləri və fəal tələbələrlə görüşüb.
Görüşdə rektor Ədalət Muradov UNEC-in tələbə mərkəzli universitet olması istiqamətində tətbiq olunan yeniliklərdən və “UNEC-100 İnkişaf strategiyasının” hədəflərindən söz açıb. Tələbələrin sosial layihələrinin sayının artırılmasının, ixtisaslaşmış yeni tələbə təşkilatlarının yaradılmasının vacibliyindən danışan rektor, dünyanın aparıcı universitetlərində mövcud olan “Tələbə senatı” və “Tələbə auditi”nin UNEC-də yaradılacağı barədə qərarın qəbul edildiyini tələbələrin diqqətinə çatdırıb.
Rektor UNEC-də xarici dilin tədrisində yeni standartların tətbiq olunduğunu, tələbələrin dil bilikləri ilə yanaşı, informatika texnologiyalarından istifadə bacarıqlarının yüksəldilməsi istiqamətində də yeniliklərin tətbiq ediləcəyini vurğulayıb. Görüşdə tələbələrin elmi fəaliyyətlərinin stimullaşdırılması məqsədilə bakalavr, magistr və doktorantların mükafatlandırılması qaydalarından bəhs olunub, impact dərəcəsindən asılı olaraq nüfuzlu jurnallarda çap olunan hər bir məqaləyə görə UNEC-in bakalavr və magistrlərinin 4000 manatadək mükafat əldə edə biləcəyi vurğulanıb. UNEC-in 3 tələbəsinin elmi məqaləyə görə mükafat qazandığı bildirilib.
Ədalət Muradov tələbələri ölkənin, eləcə də universitetin ictimai-sosial həyatında fəal olmağa, ölkə rəhbərliyi tərəfindən aparılan ictimai proseslərə vətəndaşlıq mövqeyi nümayiş etdirməyə çağırıb.
Sonra tələbə təşkilatlarının sədrləri yeni layihələr barədə məlumat veriblər.