A

UNEC-in bütün fakültələrində Xocalı Soyqırımının 28-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib.

Tədbirdən öncə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Beynəlxalq Magistratura və Doktorantura mərkəzində keçirilən tədbirdə mərkəzinin direktoru, dosent Fariz Əhmədov, “İqtisadiyyat və idarəetmə” kafedrasının professoru Rasim Həsənov “Xocalı soyqırımı”nın erməni millətçilərinin xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifəsindən olduğunu bildirərək, bu faciənin bütün dünyada tanınması üçün gənclərin üzərinə düşən vəzifələrdən söz açıblar.

Tədbirdə BMDM-in könüllüləri tərəfindən hazırlanan vətənpərvərlik və qəhrəmanlıq tarixini əks etdirən “Dünənimiz və bugünümüz” və “Biz Azərbaycanın bir parçasıyıq” adlı videoçarxlar nümayiş olunub.

Maliyyə və mühasibat fakültəsində tələbə təşkilatları ilə birgə keçirilən tədbirdə fakültə dekanı, dosent Gəray Musayev Azərbaycan  tarixinə qanlı hərflərlə yazılmış Xocalı faciəsindən bəhs edərək, onun xalqımıza, günahsız, dinc insanlara qarşı törədilmiş amansız və qəddar soyqırım aktı olduğunu qeyd etmiş, bu cür tədbirlərin davamlı olaraq keçirilməsinin, şəhidlər üçün təşkil olunan anım tədbirlərinin əhəmiyyətini vurğulayıb.

Daha sonra “Humanitar fənlər” kafedrasının professoru Məhəbbət Paşayeva Xocalı soyqırımının tarixindən bəhs edib.

Biznes və menecment fakültəsində təşkil olunan tədbir “Xocalı-xalqımızın qan yaddaşı” mövzusunda olub. Fakültə dekanı, dosent Mirağa Əhmədov son iki əsrdə erməni millətçilərinin tarixi Azərbaycan torpaqları hesabına mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə dəfələrlə xalqımıza qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə kimi bəşəri cinayətlər törətdiklərini deyib.

Sonra “Ticarət və gömrük işinin təşkili” kafedrasının müdiri, professor Arif Şəkərəliyev, “Humanitar fənlər” kafedrasının dosenti Yusif Fərzəliyev Xocalı faciəsinin tarixindən danışıblar.

Tədbirdə fakültənin tələbələri Xocalı faciəsinə hərs olunmuş şeirlər səsləndiriblər.

Ekspertiza və standartlaşdırma fakültəsində keçirilən tədbirdə fakültə dekanı, dosent Tofiq Osmanov Xocalı hadisələrinin Azərbaycan xalqının yaddaşında dərin iz buraxdığını, törədilən vəhşiliklər və amansız qətliamın xalqımızın düşmən tapdağı altında olan torpaqlarımızın azad edilməsi uğrunda daha sıx birləşməsinə zəmin yaratdığını bildirib.

Texnologiya və Dizayn fakültəsində təşkil olunan tədbirdə fakültənin dekanı, professor Vəkil Hüseynov Xocalı soyqırımının Azərbaycan xalqına qarşı erməni millətçi şovinistlərinin son 200 ildə törətmiş olduğu ən dəhşətli terror aktı olduğunu deyib. Dekan bu soyqırımın bütün dünyada tanınması üçün tələbə və gənclərin üzərinə düşən vəzifələrdən danışıb.

Sonra “Humanitar fənlər” kafedrasının baş müəllimi Xədicə Abbaslı soyqırım haqqında geniş təqdimatla çıxış edib.

“İstehlak mallarının ekspertizası” kafedrasının müdiri, professor Əli Həsənov erməni vandallarının törətdikləri zülmdən söhbət açaraq, gəncləri Xocalı soyqırımını heç vaxt unutmamağa və gələcəkdə də düşmənə qarşı düşünülmüş və ardıcıl siyasəti son məqsədə çatanadək davam etdirməyə çağırıb.

Xocalı qurbanları Ümumi fənlərin tədrisinin təşkili departamentinin keçirdiyi tədbirdə də anılıb. Departamentin  direktoru,  dosent Gülnarə Rzayeva Xocalı soyqırımını XX əsrdə Azərbaycan xalqına qarşı törədilmiş  ən dəhşətli cinayətlərdən biri adlandırıb. “Humanitar fənlər” kafedrasının müdiri, professor Vəkil Həsənov, kafedranın professoru Abbas Seyidov Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması və bu hadisələrə siyasi qiymət verilməsi istiqamətində dövlətin apardığı məqsədyönlü siyasətdən və onun nəticələrindən bəhs ediblər.

Tədbirdə tələbələr vətənpərvərlik mövzularında şeirlər səsləndirblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay