A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Keyfiyyət Şurasının növbəti iclası keçirilib. UNEC rektoru, professor Ədalət Muradovun sədrliyi ilə keçirilən iclas universitetin nəşrləri üzrə daimi komissiya haqqında əsasnamənin təqdimatı ilə başlayıb. Əsasnamə haqqında məlumat verən rektorun müşaviri Elşən Bağırzadə bildirib ki, sənəd layihəsi UNEC-də nəşrlərə (dərslik, dərs vəsaiti və.s) olan ehtiyacın müəyyən edilməsi, onların hazırlanması, ekspertizası və nəşri ilə əlaqədar məsələləri əhatə edir. Müşavir qeyd edib ki, layihənin hazırlanmasında əsas məqsəd UNEC-in daha keyfiyyətli və dünya standartlarına uyğun dərslik və dərs vəsaitləri ilə təminatını yaxşılaşdırmaqdır. Sənədin əhəmiyyətinə toxunan rektor bildirib ki, UNEC-də hər kəsin dərslik yazmaq hüququ var və biz bu təşəbbüsləri dəstəkləyirik. Bununla yanaşı, UNEC-in daha keyfiyyətli dərslik və dərs vəsaitlərinə ehtiyacı var, bu məqsədlə müəyyən qaydalar və prosedurlar müəyyən etməliyik. Çünki dərslik yazmaq çox ciddi məsələdir. Şura üzvləri tərəfindən dərs ilinin əvvəlindən ehtiyac olan dərs vəsaitləri üzrə müsabiqənin elan edilməsi, dərsliklərin hazırlanmasında differensial əmək haqqı sistemində yer alan müəllimlərə geniş imkanların verilməsi və digər təkliflər irəli sürülüb. Səsləndirilən təkliflər nəzərə alınmaqla, sənəd layihəsi təkmilləşdirilərək Elmi Şuranın növbəti iclasına çıxarılması tövsiyyə edilib.Daha sonra komissiyada UNEC-lə Azərbaycanın digər universitetləri arasında tələbə və müəllim mübadiləsinə dair qaydaların müzakirəsi aparılıb. Rektorun müşaviri Elşən Bağırzadə sənəd layihəsi haqqında məlumat verib. Qeyd edib ki, qaydalara əsasən universitetlər arasında tələbə və müəllim mübadiləsi müəyyən kvota çərçivəsində və qarşılıqlılıq prinsipi gözlənilməklə həyata keçiriləcək.

Rektor Ədalət Muradov bildirib ki, universitetlər arasında belə əlaqələrin qurulması vacibdir. Sənədin hazırlanmasında məqsəd UNEC ilə Azərbaycanın digər ali məktəbləri arasında tələbə və müəllim mobilliyini və təcrübə mübadiləsini genişləndirməkdir. Müzakirələrdən sonra sənəd layihəsi əsasən qəbul edilib.Növbəti müzakirə mövzusu sərbəst işlərin qəbul qaydaları ilə bağlı olub. Qaydalar haqda tədrisin keyfiyyətinin qiymətləndirilməsi və idarə edilməsi mərkəzinin rəhbəri Raqif Qasımov məlumat verib.Şura üzvləri sərbəst işlərin səhifələrlə yox, simvolların sayına məhdudiyyət qoyulmasını, işin 10 ballıq sistemlə qiymətləndirilməsi və yekunda 10-a bölünərək orta bal kimi hesablanmasını, onun həcminin müəyyən simvol sayı ilə məhdudlaşdırılmasını təklif edib. Sənəd layihəsi Elmi Şuranın növbəti iclasına tövsiyyə edilib.Şuranın iclasında UNEC-də biznes əlaqələrinin inkişaf etdirilməsi və məzunların işlə təmin olunmasının təkmilləşdirilməsi istiqamətində təqdim edilmiş təkliflərə də baxılıb. Rektor Ədalət Muradov UNEC-in real sektorla əlaqələrinin qurulmasının vacibliyinə toxunub. Bildirib ki, əsas məqsəd əmək bazarının tələblərinə cavab verən gənclərin hazırlanması, eyni zamanda UNEC müəllimlərinin əlavə gəlir əldə etmələrinə şəraitin yaradılmasıdır. Daha sonra təkliflər dinlənilib. Şura üzvləri online məzun yarmarkasının keçirilməsini, işə götürənlərlə tələbələrin virtual platformasının yaradılmasını, nüfuzlu şirkətləri mütəmadi olaraq UNEC-ə dəvət etməklə tələbələrdən müsahibə götürmələrinə şəraitin yaradılmasını təklif ediblər.Müzakirələrdən sonra sənəd layihəsi şura üzvləri tərəfindən qəbul edilib.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay