YAP Səbail rayon təşkilatının “İstiqlaliyyət 6” ünvanı üzrə ərazi partiya təşkilatı və UNEC-in Heydər Əliyev İqtisadi İrsinin Öyrənilməsi Mərkəzinin birgə təşkilatçılığı ilə “15 İyun – Milli Qurtuluş Günü: sabitlikdən inkişafa aparan yol” mövzusunda tədbir keçirilib.
Tədbirin açılış mərasimində Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsi ehtiramla yad edilib.
Tədbir çərçivəsində Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
“İstiqlaliyyət 6” ünvanı üzrə ərazi partiya təşkilatının sədri, UNEC-in inzibati və təşkilati məsələlər üzrə prorektoru, dosent Şaiq Əsgərov tədbiri giriş sözü ilə açaraq, 1993-cü il 15 iyun tarixinin Azərbaycan xalqının taleyində və müasir dövlətçilik tarixində əsaslı dönüş nöqtəsi olduğunu vurğulayıb. Dosent Ş.Əsgərov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkədə daxili siyasi sabitliyin bərqərar olunmasında, dövlət müstəqilliyinin qorunub saxlanılmasında və Azərbaycanın davamlı inkişaf yoluna çıxarılmasında müstəsna rol oynamışdır.
Daha sonra Milli Məclisin deputatları Sadiq Qurbanov və Asif Əsgərov, eləcə də UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosenti Mövlud Hüseynov çıxış edərək Milli Qurtuluş Gününün müasir Azərbaycan tarixinə gətirdiyi siyasi və iqtisadi töhfələrdən bəhs ediblər. Çıxışçılar Ümummilli Lider Heydər Əliyevin dövlətçilik missiyasını, onun ölkənin gələcək inkişaf təməllərini necə formalaşdırdığını diqqətə çatdırıb və həmin taleyüklü dövrlərlə bağlı tarixi xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.
Tədbirin yekununda xüsusi olaraq qeyd olunub ki, 15 İyun – Milli Qurtuluş Günü sadəcə tarixi bir təqvim günü deyil, Azərbaycanın müstəqilliyinin qorunması, dövlətçiliyimizin möhkəmləndirilməsi və ölkəmizin davamlı inkişafının təmin olunması baxımından müstəsna əhəmiyyət daşıyan rəmzi milli qürur günüdür.