Azərbaycan Dövlət Aqrar Universitetinin Əsaslı kitabxanasının direktoru Kamil Məmişov təcrübə mübadiləsi məqsədilə UNEC Kitabxana-informasiya mərkəzində olub.
Qonaq Əsaslı kitabxanananın xidmət şöbəsi fondunun düzülüş qaydası və oxucularla iş prinsipləri, o cümlədən, hibrid formada oxucu qeydiyyatının aparılması və oxucu formulyarlarının işlənməsi qaydaları, eləcə də kataloqlaşdırma, kitabişləmə və biblioqrafiya şöbəsində kitabların elmi-texniki işlənməsi prosesləri, elektron resurslardan səmərəli istifadə, elektron kitabxanasının müəllim-tələbə kabinetinə inteqrasiyası və ümumilikdə rəqəmsal universitet modelində kitabxanaların fəaliyyət prinsipləri ilə tanış olub.
24/7 kitabxananın iş prinsipi K.Məmişovun xüsusi marağına səbəb olub. Bildirilib ki, Azərbaycan ali təhsil müəssisələri arasında ilk dəfə UNEC-də fəaliyyətə başlayan 24/7 kitabxana müasir havalandırma və işıqlandırma sistemləri, 4 dildə ən yeni aktual yerli və beynəlxalq nəşrlərlə, fasiləsiz internet və elektron verilənlər bazalarına çıxış imkanları, skan aparatı, məlumatlandırma lövhəsi və digər ən müasir texnoloji avadanlıqlarla təchiz olunub.