A

Aprelin 18-də UNEC Həmkarlar İttifaqı Komitəsinin VI hesabat-seçki konfransı keçirilib.

Konfransda UNEC-in İnzibati və təşkilati məsələlər üzrə prorektoru dosent Şaiq Əsgərov, fakültə dekanları, mərkəz və struktur rəhbərləri, UNEC HİK İdarə heyətinin üzvləri, akademik və inzibati heyət iştirak edib.

Konfransın açılışında çıxış edən prorektor dos. Şaiq Əsgərov komitəyə yeni sədr seçiləcəyini və komitənin tərkibində dəyişikliklərin olacağını bildirib. O, UNEC THİK-in fəaliyyəti barədə də qısa məlumat verərək, komitənin universitetin sosial-ictimai həyatında fəal iştirak etdiyini və öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirdiyini qeyd edib, seçki konfransının işinə uğurlar arzulayıb.

Sonra HİK-nin sədri Rüfət Süleymanlı 2017-2024-cü illər ərzində komitənin gördüyü işlər barədə hesabat verib. Bildirib ki, hesabat dövründə HİK üzvlərinin əmək və sosial hüquqlarının müdafiəsi, sağlamlıqlarının qorunması, bərpası və istirahətinin səmərəli təşkili, maddi yardım və mükafatların verilməsi, eləcə də UNEC-də keçirilən mədəni-kütləvi tədbirlərə dəstək göstərilməsi istiqamətində davamlı olaraq, səmərəli fəaliyyət göstərib.

UNEC HİK Təftiş Komitəsinin sədri İlqar Rəcəbov hesabat dövründə komitənin fəaliyyəti və universitetlə əlaqələrində şəffaflığın və çevikliyin təmin edildiyini qeyd edib.

Konfrans iştirakçıları Həmkarlar İttifaqı Komitəsinin fəaliyyətinə münasibət bildirərək, təşkilatın fəaliyyətini yüksək qiymətləndiriblər. Çıxış edənlər hesabatla bağlı fikirlərini bölüşüblər, təkliflər səsləndiriblər. Hesabat yekdilliklə qəbul olunub.

Sonra ümumi səsvermə ilə UNEC HİK-in 19 nəfərdən ibarət yeni heyəti, 5 nəfərdən ibarət  Təftiş Komitəsi və 5 nəfərdən ibarət Rəyasət Heyətinin üzvləri seçilib. Rüfət Süleymanlı konfrans iştirakçılarının yekdil səs çoxluğu ilə yenidən UNEC HİK-nin sədri seçilib.

Rüfət Süleymanlı ona göstərilən etimada görə UNEC kollektivinə təşəkkürünü bildirib.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay