“Həftənin kitabı” layihəsi bu buraxılışında “Könüllülərin idarə edilməsi” (“Volunteer Management”) kitabını təqdim edir.

Kitabın müəllifləri Azərbaycanda könüllülərlə işin institusional əsaslarının qurulmasında, gənclərin fərdi inkişafında və ölkəmizin meqa-tədbirlər irsinin formalaşmasında yaxından iştirak edən Atif Qənbərov və Tural Hümbətovdur.

Kitabda Azərbaycanda son onillikdə sürətlə inkişaf edən könüllülük hərəkatının təcrübəsi və idarəetmə mexanizmləri fundamental şəkildə işıqlandırılıb. Nəşrdə ölkəmizin ev sahibliyi etdiyi irimiqyaslı beynəlxalq layihələrdən (Birinci Avropa Oyunları, Formula 1, İslam Həmrəyliyi Oyunları, COP29 və s.) qazanılmış əvəzsiz təcrübə, yerli milli dəyərlər və aparıcı qlobal ekspertlərin idarəetmə metodologiyaları ilə sintez olunaraq təqdim edilib.

Kitab könüllülük proqramlarının sıfırdan qurulması, planlaşdırılması, komandaların formalaşdırılması və effektiv idarə edilməsinin bütün aspektlərini əhatə edir. Vəsait könüllü təşkilatlarının rəhbərləri, layihə menecerləri, idman və sosial sahədə fəaliyyət göstərən mütəxəssislər, eləcə də bu sahədə praktiki biliklərini artırmaq və fərdi inkişafına töhfə vermək istəyən bütün könüllülər üçün nəzərdə tutulmuşdur.

“Volunteer Management” kitabı 2025-ci ildə “COP29 Azerbaijan Operating Company” dəstəyilə çapdan çıxıb. Bu vəsait ingilis dilində və 170 səhifədir. Oxucu-istifadəçilər kitabla UNEC KİM-in 24/7 və bütün kitabxanalarında yaxından tanış ola bilərlər. 

TOP XƏBƏRLƏR