A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 95 illik yubiley münasibətilə universitet binasının müəllifi, məşhur xeyriyyəçi və milyonçu Ağa Musa Nağıyevin xatirəsinə həsr olunan tədbir keçirilib.

Tədbir Ağa Musa Nağıyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə UNEC-in rektoru, professor Ədalət Muradov çıxış edərək Ağa Musa Nağıyevin Azərbaycan tarixindəki əvəzsiz xidmətlərini vurğulayıb. O qeyd edib ki, böyük şəxsiyyət olan Ağa Musa Nağıyev yalnız bir sahibkar deyil, həm də elmə, təhsilə və mədəniyyətə böyük dəyər verən ziyalı idi. Onun müəllifi olduğu UNEC-in əsas binası da məhz bu dəyərlərin bariz nümunəsidir.

Tədbirdə onun həyat və fəaliyyətinə dair videoçarx nümayiş olunub.

Daha sonra UNEC-in professoru Məhəbbət Paşayeva “Sərvətini maarifə və mədəniyyətə yönəltmiş milyonçu” mövzusunda məruzə ilə çıxış edib. O, Ağa Musa Nağıyevin ictimai və xeyriyyəçilik fəaliyyətinə nəzər salaraq, onun milli mədəniyyətin inkişafına verdiyi töhfələri xüsusi vurğulayıb.

Tədbirdə çıxış edən “Humanitar fənlər” kafedrasının müdiri, professor Vəkil Həsənov isə Ağa Musa Nağıyevin Bakının memarlıq simasının formalaşmasında oynadığı mühüm roldan danışıb. Professor bildirib ki, Ağa Musa Nağıyev qeyri-adi üslubu ilə seçilən və paytaxtın memarlığına gözəllik bəxş edən 98 bina inşa etdirmişdir. Bu tikililər bu gün də tariximizlə bu günümüz arasında körpü rolunu oynayan qiymətli irs nümunəsi kimi yaşayır.

Tədbirdə  Milli Dəyərlərin Qorunması İctimai Birliyinin sədri tarix üzrə fəlsəfə doktoru, Ağa Musa Nağıyevin nəvəsi Dilarə Nağıyeva da çıxış edərək, babasının xalq qarşısında göstərdiyi misilsiz xidmətləri haqqında danışıb və tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.

Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetin (ADPU) dosenti, Ağa Musa Nağıyevin irsinin tədqiqatçısı Taleh Cəfərov, Bakı Slavyan Universitetinin (BSU) professoru Şəlalə Həsənova, yazıçı Seyran Səxavət, Azərbaycan Qadınları Respublika Cəmiyyəti İctimai Birliyinin sədri Bahar Qasımova çıxış edərək Ağa Musa Nağıyevin xeyriyyəçilik fəaliyyətindən və xalq üçün göstərdiyi xidmətlərdən danışıblar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay