UNEC-də qış imtahan sessiyasına hazırlıq vəziyyətinin müzakirə olunması məqsədilə iclas keçirilib.
Görüşdə UNEC rektoru, professor Ədalət Muradov, dekanlar və müvafiq struktur rəhbərləri iştirak ediblər.
İclasda İmtahan Mərkəzinin direktoru Tahir Bədəlov təqdimatla çıxış edərək bildirib ki, qış imtahan sessiyası 29 dekabr-31 yanvar tarixlərini əhatə edəcək. Qeyri-ixtisas fənləri üzrə imtahanlar test formasında, ixtisas fənləri üzrə isə yazılı və elektron-yazılı formatda təşkil olunacaq.
Qeyd olunub ki, imtahan sualları artıq sistemə yüklənib, imtahan cədvəlləri elan edilib, dinləmədən təkrar imtahanların təşkili başa çatdırılıb. Həmçinin imtahan qərargahı və imtahan komissiyaları yaradılıb, imtahanqabağı məsləhət qrafikləri tərtib olunub, apellyasiya komissiyası formalaşdırılıb və imtahan zallarında texniki təchizat tam hazır vəziyyətə gətirilib.
Ümumilikdə, UNEC-də imtahan sessiyası çərçivəsində 418 fənn üzrə 75 305 tələbə-imtahan faktoru nəzərdə tutulur.
Əvvəlki illərdə olduğu kimi, bu imtahan sessiyası dövründə də hər həftənin şənbə günü UNEC rektorunun “Açıq qapı” günləri keçiriləcək.