A

Azərbaycan Respublikası Dövlət Neft Fondu və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) birgə əməkdaşlığı çərçivəsində UNEC-in Maliyyə və mühasibat fakültəsində tələbələr üçün “Qlobal maliyyə bazarları və investisiya strategiyaları” mövzusunda seminar keçirilib.

Seminarı giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, qlobal maliyyə arxitekturasında baş verən struktur dəyişikliklərin və kapital bazarlarında artan volatilliyin peşəkar kadr hazırlığına olan tələbləri daha da yüksəltdiyini qeyd edib, maliyyə və investisiya sahəsində nəzəri biliklərin praktik yanaşmalarla inteqrasiyasının vacibliyini vurğulayıb, müasir investisiya mühitində risklərin effektiv idarə olunması, analitik düşüncə və məlumat əsaslı qərarvermə bacarıqlarının formalaşdırılmasının prioritet olduğunu diqqətə çatdırıb, universitet-sənaye əməkdaşlığının gücləndirilməsinin tələbələrin rəqabət qabiliyyətinin artırılmasında mühüm rol oynadığını bildirib.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun İnvestisiya Departamentinin Səhmlər və Alternativ İnvestisiyalar şöbəsinin baş mütəxəssisi Vüsalə Süleymanova “Qlobal maliyyə bazarları və investisiya strategiyaları” mövzusunda geniş təqdimatla çıxış edərək qlobal kapital bazarlarının müasir vəziyyəti, makroiqtisadi faktorların investisiya qərarlarına təsiri, müxtəlif aktiv sinifləri (səhmlər, istiqrazlar və alternativ investisiyalar) üzrə risk və gəlirlilik göstəricilərinin qiymətləndirilməsi, portfel diversifikasiyasının əhəmiyyəti, həmçinin institusional investorların uzunmüddətli strategiyaları və dəyişən bazar şəraitində effektiv qərarvermə yanaşmaları barədə ətraflı məlumat verib, tələbələrin investisiya savadlılığının artırılmasının vacibliyini xüsusi vurğulayıb.

Tədbirin sonunda tələbələrin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR