UNEC-də tələbələr üçün ədliyyə orqanlarında karyera imkanlarına həsr olunmuş maarifləndirici görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan UNEC-in İnzibati və təşkilati məsələlər üzrə prorektoru, dosent Şaiq Əsgərov bu formatda görüşlərin gənclərin peşə seçimində, dövlət qulluğu sahəsində məlumatlılığının artırılmasında və gələcək karyera imkanlarının genişlənməsindəki əhəmiyyətini vurğulayıb.
Görüşdə Ədliyyə Nazirliyinin nümayəndələri tələbələrə ədliyyə orqanlarına işə qəbul qaydaları, aktiv müsabiqələr, həmçinin könüllü və təcrübə proqramları barədə ətraflı məlumat veriblər. Xüsusilə icra və probasiya məmuru vəzifələri üzrə ixtisas məhdudiyyətinin aradan qaldırılması ilə bağlı tətbiq edilən yeniliklər tələbələrin böyük marağına səbəb olub.
Görüş zamanı tələbələrin gələcək müsabiqələrə hazırlığı və iştirak imkanlarının artırılması yolları müzakirə edilib, onlara uğurlu karyera qurmaq üçün vacib tövsiyələr verilib.
Tədbirin sonunda nazirlik nümayəndələri iştirakçıları maraqlandıran sualları cavablandıraraq, gənclərə bu sahədəki imkanlardan maksimum yararlanmağı tövsiyə ediblər.