UNEC KİM 24/7 Kitabxanasının “KİTABIM” podkastının növbəti qonağı gənc yazar, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Nəqliyyat Departamentinin rəisi, eyni zamanda Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) müəllimi Mürşüd Mehdiyev olub.
Görüş zamanı müəllifin oxucular tərəfindən maraqla qarşılanan “Məktubdakı qadın” və “Evdəki yad” bestseller əsərləri müzakirə olunub, əsərlərdəki obrazlar təhlil edilib.
Qeyd olunub ki, gənc yaşına baxmayaraq, Mürşüd Mehdi yazıçılıq fəaliyyətində mühüm uğurlar qazanıb və geniş oxucu auditoriyasının diqqətini cəlb edib. Onun yaradıcılığında detektiv və psixoloji janrlar üstünlük təşkil edir. Müəllif əsərlərində əsasən insan psixologiyasını, cəmiyyətin müxtəlif tərəflərini araşdırır, eyni zamanda müasir dövrün sosial problemlərinə toxunur.
Podkast zamanı yazıçı ədəbiyyat sahəsində yeni ideyalar təqdim etməyi və oxucularını dərin düşüncələrə sövq etməyi qarşısına məqsəd qoyduğunu vurğulayıb.
Həmçinin, görüşün gənc yazarın doğum gününə təsadüf etməsi münasibətilə kitabxana kollektivi tərəfindən o, səmimi şəkildə təbrik olunub. Müəllif də öz növbəsində Novruz bayramı münasibətilə iştirakçıları təbrik edib, gənclərlə dəyərli tövsiyələrini bölüşüb.
Qeyd edək ki, “KİTABIM” layihəsinin rəhbəri 24/7 Kitabxananın müdiri Arzu Məmmədova, icraçıları isə UNEC Dizayn Məktəbinin II kurs tələbəsi, eyni zamanda kitabxananın əməkdaşı Kamal Nuriyev və Maliyyə və mühasibat fakültəsinin I kurs tələbəsi, kitabxana könüllüsü Həsən Müslümovdur.