A

Böyük Britaniyanın nüfuzlu peşəkar qurumları olan Sertifikatlı Mühasiblər İnstitutu və Sertifikatlı Maliyyə Menecerləri İnstitutunun (ICB/ICFM) nümayəndələrinin Azərbaycana işgüzar səfəri çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və mühasibat fakültəsində görüş təşkil olunub.

ICB/ICFM-in təlim proqramlarının təqdimatı məqsədilə keçirilən görüşdə UNEC-in Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev, “Maliyyə və audit” kafedrasının müdiri professor Əvəz Ələkbərov, “Biznesin idarə edilməsi” kafedrasının müdiri dosent Sevər Məmmədova, “Tətbiqi iqtisadiyyat” kafedrasının müdiri dosent Sevinc Abbasova, ICB/ICFM-in Baş icraçı direktoru Ami Copeland, Qlobal tərəfdaşlıq üzrə meneceri Ulgen Coskun, eləcə də təşkilatın Azərbaycandakı rəsmi nümayəndəsi olan Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının (APFM) sədri Nuriyyə Novruzova iştirak ediblər.

Görüş zamanı maliyyə, mühasibat və audit sahələri üzrə ICB/ICFM-in mövcud və yaxın gələcəkdə təqdim olunacaq yeni kvalifikasiyalarının məzmunu, beynəlxalq çərçivəsi və tətbiq mexanizmləri ətraflı şəkildə təqdim olunub.

Növbəti mərhələdə sözügedən kvalifikasiyaların Universitetin müvafiq təhsil proqramlarına inteqrasiyası və akkreditasiyası nəzərdə tutulur. Tərəflər tələbələrin bilik və bacarıqlarının yenilənməsi, onların qlobal dəyişikliklərə, xüsusilə süni intellekt və rəqəmsal maliyyə sahələrində baş verən transformasiyalara daha hazırlıqlı olmalarının vacibliyini vurğulayaraq, bu istiqamətdə müzakirələrin davam etdirilməsi barədə razılığa gəliblər.

TOP XƏBƏRLƏR