UNEC-də 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Biz Bacardıq – Əlilliyi olan xanımların uğur hekayələri” adlı tədbir keçirilib. Tədbir UNEC İnklüziv Təhsil Mərkəzinin təşkilatçılığı və Azərbaycan Beynəlxalq Bankının baş sponsorluğu ilə baş tutub.
Tədbir çərçivəsində həssas kateqoriyadan olan insanların əl işlərindən ibarət sərgi nümayiş etdirilib.
Açılış mərasimində çıxış edən Tələbələrlə iş üzrə prorektor, dosent Səadət Qəndilova bildirib ki, UNEC İnklüziv Təhsil Mərkəzi 2015-ci ildən fəaliyyət göstərir və əlilliyi olan gənclərin ali təhsilə bərabər çıxışının təmin edilməsi, onların bilik və bacarıqlarının inkişafı, cəmiyyətə inteqrasiyası istiqamətində mühüm layihələr həyata keçirir. Onun sözlərinə görə, son 10 il ərzində mərkəz inklüziv ali təhsil modelinin formalaşmasına töhfə verib, mentorluq və könüllülük proqramları təşkil edib, təlimlər, sərgilər və metodik vəsaitlər hazırlayıb.
ABB-nin İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Məlahət Abdullayeva, UNEC İnklüziv Təhsil Mərkəzinin direktoru Sevinc Məhsimova, Əlilliyi olan şəxslərə sosial dəstək İB-nin sədri Təranə Şövkət, BMT-nin Azərbaycandakı nümayəndəliyinin mütəxəssisi Cəmilə Məmmədova, Autizmli uşaqlara dəstək İB-nin sədri Zöhrə Xələfova və digər qonaqlar tədbirdə çıxış edərək inklüziv təhsilin əhəmiyyətindən və həssas kateqoriyadan olan qadınların uğur hekayələrinin cəmiyyət üçün motivasiya mənbəyi olduğunu vurğulayıblar.
Tədbirin bədii hissəsində “Azad” rəqs ansamblının bədii rəhbəri Rəhim Babayev və solist Nərgiz Babayeva çıxış ediblər. Musiqi müəllimi Lalə Cəfərovanın şagirdi Tunay Mirzəməmmədova isə fortepianoda ifası ilə böyük maraq doğurub. Autizm spektr pozuntusu olan uşaqlar və onların analarının birgə rəqs nömrəsi tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Tədbirin sonunda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımlar təbrik olunub və bu kimi təşəbbüslərin inklüziv cəmiyyətin inkişafına töhfə verdiyi qeyd edilib.