5-7 may tarixlərində İtaliyanın Milan şəhərində “Times Higher Education” (THE) agentliyinin təşkilatçılığı ilə “Avropa Universitetlərinin Sammiti” keçirilib.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə yanaşı, UNEC və ölkənin digər aparıcı universitetlərinin təmsil olunduğu sammitdə rektor, professor Ədalət Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.
Avropa Universitetləri Sammitində Azərbaycan universitetlərinin təcrübəsinə həsr olunan panel sessiya təşkil olunub. “Azərbaycan təcrübəsi: Universitetlər beynəlxalq strategiyasını necə formalaşdırır?” mövzusunda keçirilən sessiyada Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova və UNEC-in rektoru professor Ədalət Muradov spiker qismində çıxış ediblər.
Ülkər Səttarova çıxışında elm və ali təhsil sahəsində beynəlmiləlləşmə, bu istiqamətdə həyata keçirilən tərəfdaşlıqlar, Azərbaycanın beynəlxalq təhsil qrantı proqramları və “Study in Azerbaijan” layihəsinin əhəmiyyəti barədə danışıb. O, həmçinin beynəlxalq tədqiqat tərəfdaşlığı şəbəkəsinin genişləndirilməsinin vacibliyini qeyd edib.
Ədalət Muradov isə UNEC-də son illərdə beynəlxalq əməkdaşlıq və elmi tədqiqat fəaliyyətinin gücləndirilməsi istiqamətində görülən işlər, xarici tərəfdaş universitetlərlə icra olunan layihələr, əldə edilmiş nəticələr, qarşıda duran strateji hədəflər və planlaşdırılan fəaliyyətlər barədə məlumatları iştirakçıların diqqətinə çatdırıb.
Sammit çərçivəsində təşkil olunan ölkə pavilyonunda Beynəlxalq əlaqələr üzrə prorektor Hüseyn Həsənov və Beynəlxalq Əməkdaşlıq Departamentinin direktoru Rauf Məmmədov UNEC-in stendində iştirakçılara universitetin təhsil proqramları, beynəlxalq əməkdaşlıq əlaqələri və ikili diplom imkanları barədə məlumat veriblər.