A

Fevralın 26-da Azərbaycan Dövlət İqtisad Universitetində ilk dərslər Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

UNEC-in bütün fakültələrində Xocalı Soyqırımının 27-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib.

İqtisadiyyat fakültəsinin mentor-müəllim heyəti və tələbələrinin iştirakı ilə keçirilən anım tədbirində “Sosial sferanın iqtisadiyyatı və idarə edilməsi” kafedrasının dosenti Elşən Məmmədov “Xocalı soyqırımı”nın erməni millətçilərinin xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifəsindən olduğunu bildirərək, bu faciəni törədənlərin öz layiqli cəzalarını almaları üçün gənclərin üzərinə düşən vəzifələrdən danışıb.

“Humanitar fənlər” kafedrasının baş müəllimi Cəmilə Həsənova Xocalı hadisəsinin baş vermə səbəbləri və törətdiyi nəticələr barədə məlumat verib. İqtisadiyyat fakültəsinin dekan müavini Rahim Mürsəlli Azərbaycanın güclü orduya sahib olduğunu vurğulayaraq, tələbələrə vətənpərvər olmağı tövsiyə edib.

Biznes və menecment fakültəsində isə “Humanitar fənlər" kafedrasının professoru Nizami Süleymanov “Xocalı soyqırımı XX əsrin ən böyük faciəsidir”, Zəkiyyə Musayeva “Xocalı faciəsi Azərbaycan tarixinin qan yaddaşıdır”, Xədicə Abbaslı “Azərbaycan xalqının Xocalı dərdi” mövzularında mühazirələr deyib.

Texnologiya və dizayn fakültəsinin dekanı, professor Vəkil Hüseynov Xocalı soyqırımının insanlığa və bəşəriyyətə qarşı törədilən ən dəhşətli faciə olduğunu vurğulayaraq, bu soyqırımın dünyada tanınması istiqamətində dövlət tərəfindən məqsədyönlü tədbirlərin həyata keçirildiyini qeyd edib. “Humanitar fənlər” kafedrasının baş müəllimi Leyla Nəsirzadə soyqırım barədə geniş məruzə ilə çıxış edərək, tədbir iştirakçılarının qan yaddaşını təzələyib.

“Ekspertiza və standartlaşdırma” fakültəsində təşkil olunan tədbirdən öncə iştirakçılar qanlı hadisələri əks etdirən fotostendlə tanış olublar. Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra dekan, dosent Tofiq Osmanov Xocalı sakinlərinə qarşı erməni silahlı birləşmələrinin və sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə törədilən qırğınlar barədə məlumat verib.

Anım tədbirlərində soyqırımı haqqında video çarx nümayiş olunub, tələbələr Xocalı soyqırımına həsr olunan şeirlər səsləndiriblər.

TOP XƏBƏRLƏR