UNEC-də tələbələr üçün “Bir pəncərə” xidməti tətbiq olunacaq.
Layihənin məqsədi tələbələrə vahid mərkəzə müraciət edərək təhsil haqqında arayışları, transkriptləri, eləcə də digər sənədləri qısa müddətdə əldə etməkdir. Eyni zamanda tələbələrin məmnunluğunu təmin etmək, onların əlavə vaxt itkisinin qarşısını almaq, müraciətlərin idarə olunmasına nəzarəti daha da gücləndirməkdən ibarətdir.
“Bir pəncərə” vasitəsilə tələbələr onlara lazım olan təhsil arayışının hazırlanması üçün şəxsi elektron kabinetlərindən günün 24 saatı sistemə müraciət edə bilərlər. Hazır sənəd sonra elektron formada tələbənin şəxsi kabinetinə göndərilir. Pilot layihə kimi aprel ayından start verilən “Bir pəncərə” sistemi ilk olaraq Maliyyə və mühasibat fakültəsində tətbiq olunub. Bir ay ərzində fakültənin 400-ə yaxın tələbəsinin müraciəti operativ cavablandırılıb və tələbələr lazım olan sənədi qısa müddətdə əldə ediblər.
UNEC-in rektoru, professor Ədalət Muradov və müvafiq struktur rəhbələrinin iştirak etdiyi “Bir pəncərə” sisteminin təqdimatında layihənin uğurla tətbiq olunduğu bildirilib. Dünyanın aparıcı universitetlərinin təcrübəsi əsasında hazırlanan “Bir pəncərə” sisteminin yeni tədris ilindən UNEC-in bütün fakültələrində tətbiq olunacağı qeyd edilib.