Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 18 oktyabr - Dövlət Müstəqilliyi Günü qeyd olunub.
UNEC-in rektoru, professor Ədalət Muradov Müstəqillik Günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək, bu tarixə qısa nəzər salıb. Bildirib ki, ölkənin müstəqilliyi hər bir vətəndaşdan və onun müstəqilliyindən başlayır. Bir əsrdə iki dəfə müstəqillik qazanan Azərbaycan xalqı azad və müstəqil dövlətin vətəndaşları olduğu üçün xoşbəxt xalqdır.
Müstəqilliyin qorunub saxlanılmasının onun əldə edilməsindən çətin olduğunu deyən rektor, Ulu öndərin əsasını qoyduğu dövlət müstəqilliyinin onun sadiq davamçısı cənab Prezident İlham Əliyev tərəfindən daha da möhkəmləndiyini diqqətə çatdırıb. Azərbaycanın inkişafı, yüksəlişi naminə həyata keçirilən Heydər Əliyev siyasətinin uğurlar qazanmasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Prezident İlham Əliyevin ən yaxın və sadiq silahdaşı olduğunu bildirib.
Rektor Prezident İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasının plenar sessiyasında Ermənistanın baş nazirinə tutarlı cavabına diqqət çəkib. Bildirib ki, ölkə başçısı “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı ilə dünya ictimaiyyətinin diqqətinə Qarabağın tarixi Azərbaycan torpağı olduğunu bir daha çatdırmış oldu. Ədalət Muradov Dağlıq Qarabağın və işğal altında olan digər torpaqlarımızın tezliklə azad olunacağına, ərazi bütövlüyümüzün və müstəqilliyimizin tam bərpa olunacağına əminliyini ifadə edib.
Tədbirdə çıxış edən Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc azadlıq və müstəqilliyin hər bir vətəndaş üçün, millət üçün əvəzolunmaz nemət, xeyirxahlıq təcəssümü olduğunu deyib. Müstəqilliyin məktəbdən başlandığını bildirən millət vəkili, millətin keyfiyyətinin təhsillə ölçüldüyünü qeyd edib. Z.Oruc xalqına xidmət etməyi hədəfləyən ali təhsil müəssisələrinin dövlətin ambisiyalarına cavab verdiyini vurğulayaraq, ölkənin müstəqilliyinin daha da möhkəmləndirilməsi və gələcəyinin təmin edilməsində savadlı, bacarıqlı, vətənini, xalqını sevən gənclərə daim ehtiyac olduğunu qeyd edib.
UNEC-in professoru Abbas Seyidov Azərbaycanın dövlətçilik və müstəqilliyin bərpası uğrunda aparılan azadlıq mübarizəsindən bəhs edib. Ümummilli lider Heydər Əliyevin müstəqil dövlətçiliyimizin möhkəmləndirilməsində, cəsarətli qərarlar qəbul edərək unitar, hüquqi, demokratik və dünyəvi Azərbaycan dövlətinin qurulmasında əvəzsiz xidmətlərindən danışıb.
Tədbirdə UNEC-in Yaradıcılıq Mərkəzinin Vokal dərnəyinin üzvləri Azərbaycanın Dövlət himnini ifa ediblər. İqtisadiyyat fakültəsinin tələbələri vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.