A

Ölkədə əhalinin icbari tibbi sığorta haqqında maarifləndirilməsi davam edir.

Bununla bağlı UNEC-də təşkil olunan tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aynurə Əhmədova universitetin müəllim və tələbələri qarşısında geniş təqdimatla çıxış edib.

Tədbiri UNEC-in İnzibati və təşkilati məsələlər üzrə prorektoru, dosent Şaiq Əsgərov açıb. Prorektor icbari tibbi sığorta ilə bağlı təbliğat işinin əhəmiyyətinə toxunaraq, bunun UNEC-in müəllim və tələbələri arasında da aparılmasının vacibliyini qeyd edib. Şaiq Əsgərov sonra çıxış üçün sözü İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndəsinə verib.

Aynurə Əhmədova əvvəlcə artıq bir müddətdir gündəmdə olan və dünya əhalisini təhdid edən koronavirus, ondan qorunmağın yolları barədə məlumat verib. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndəsi sonra əsas mövzudan danışıb. Bildirib ki, ölkədə icbari tibbi sığortanın tətbiqi 2020-ci ildə mərhələli şəkildə həyata keçiriləcək. 1-ci mərhələ artıq yanvar ayından başlayıb və 23 rayonu əhatə edir. 2-ci mərhələ aprel, 3-cü mərhələ iyul, 4-cü mərhələ isə oktyabrdan başlayaraq reallaşdırılacaq. Abşeron yarımadası, Bakı və Sumqayıt şəhərlərində icbari tibbi sığortanın tətbiqinə sonuncu mərhələdə başlanacaq. Qanuna əsasən, bu il aprelin 1-dən etibarən isə icbari tibbi sığorta haqlarının toplanılması nəzərdə tutulur.

Aynurə Əhmədova icbari tibbi sığorta haqları barədə də məlumat verib. Dövlət və neft sektorunda çalışanlara görə bu məbləğ 8 min manat maaşa qədər 2 %-dir. 2 % də işəgötürən tərəfindən ödənilir. Əmək haqqının 8000 manatdan yuxarı hissəsindən isə tutulma 0.5 faiz müəyyən olub. Mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslərin maaşının 8 min manatdan yuxarı hissəsindən 1 % icbari sığorta haqqı tutulacaq. O ki qaldı özəl qeyri-neft sektoruna, burada işləyənlər məvacibindən icbari tibbi sığortaya bu il 1 % ödəyəcəklər. Lakin bu güzəşt 2021-ci ildən aradan qalxacaq. Sahibkarlıq fəliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə icbari tibbi sığorta haqqı minimum əmək haqqının 4%-i məbləğində müəyyən olunub. Onu da qeyd edək ki, hər bir sığortaolunanın tibbi xərcləri üçün 90 manat da dövlət tərəfindən əlavə ayrılacaq.

Tədbirdə o da qeyd olunub ki, icbari tibbi sığortada xidmətlər zərfinə 2550 tibbi xidmət daxil edilib. Bunlar ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, ambulator xidmət, stasionar xidmət və həyati vacib-dəyəri yüksək olan tibbi xidmət növlərini əhatə edir.   

Vətəndaş tibbi xidmətə ehtiyacı yarananda ilk müraciət edəcəyi ailə həkimi, ilkin səhiyyə müəssisələri (həkim tibb məntəqələri, Ailə Sağlamlıq Mərkəzləri) olmalıdır.Zərurət yaranarsa, ailə həkimi ixtisaslı həkimə göndəriş verir. Pasiyent ailə həkimi seçməkdə azaddır.

Stasionar şəraitdə müayinə və müalicə tibbi göstəriş və həkim göndərişi əsasında aparılır.Stasionarda istifadə olunan dərman, tibbi sərf təminata daxildir. (İstisna: xüsusi tibbi sərflər – protez, implant və s.) Həmçinin gündəlik qidalanma təminata daxil edilib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndəsi tibbi ərazi bölmələri haqda da məlumat verib. Bildirib ki, Naxçıvan da daxil olmaqla 14 tibbi ərazi bölməsi yaradılıb. Yəni vətəndaşın icbari tibbi sığortası onun aid olduğu tibbi ərazi bölməsində keçərlidir. İlkin müraciət zamanı isə sığortaolunan qeydiyyatda olduğu inzibati ərazi vahidindəki tibb müəssisəsini seçməlidir. Buna müvəqqəti qeydiyyatda olduğun yer də  aiddir.      

Təqdimatdan sonra tədbir iştirakçılarının sualları cavablandırılıb. Özəl klinikaların xidmətlərindən nə zaman yararlanmaq olar, təcili cərrahiyyə əməliyyatına ehtiyac yaranarsa, prosedur necədir, icbari tibbi sığorta xaricdə keçərlidirmi və başqa suallara aydınlıq gətirilib.  

Sonda çıxış edən prorektor Şaiq Əsgərov icbari tibbi sığortanın ölkəmizdə tətbiqi istiqamətində həyata keçirilən dövlət siyasətindən danışaraq, bu siyasətin əhalinin sağlamlığına, rifah halının yaxşılaşmasına xidmət etdiyini vurğulayıb.   

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay