UNEC-in Ümumi fənlərin tədrisinin təşkili Departamenti (ÜFTTD) ilə Almaniyanın Boxum Təlim və Təkmilləşdirmə İnstitutunun Süni İntellekt Mərkəzinin rəhbəri Markus Merçın iştirakı ilə onlayn formatda əməkdaşlıq görüşü keçirilib.
Görüşün əsas məqsədi Almaniyanın təhsil sistemində tətbiq olunan müasir pedaqoji yanaşmaların, eləcə də süni intellekt əsaslı tədris texnologiyalarının tətbiqi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi olub.
İştirakçılar Almaniyada humanitar fənlərin tədrisində istifadə edilən yeni nəsil metodoloji yanaşmalar haqqında məlumat əldə ediblər. Xüsusilə Peer challenge, Mikrolearning with rewards, Case-based interactive storytelling kimi innovativ metodlar, eləcə də avatar texnologiyalarına əsaslanan interaktiv dərs modellərinin imkanları müzakirə olunub. Bununla yanaşı, immersiv öyrənmə yanaşmalarının və adaptiv tədris platformalarının tələbələrin fərdi öyrənmə trayektoriyalarına uyğunlaşdırılaraq pedaqoji effektivliyin artırılmasına xidmət etdiyi vurğulanıb.
Görüşün sonunda tərəflər tədris innovasiyalarının tətbiqi və süni intellekt texnologiyalarının tədris prosesinə inteqrasiyası istiqamətində gələcək əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.