A

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 20 Yanvar faciəsində həlak olan şəhidlərini ehtiramla yad edir…

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə UNEC-in iki tələbəsi İlqar Əbilhəsənov və Habil Əzizovun şəhid olduğu gündür.

Əbilhəsənov İlqar Yusif oğlu 19 avqust 1967-ci ildə Bakıda anadan olub. Hərbi xidmətini başa vurduqdan sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (indiki UNEC) qəbul olub. Atası və qardaşı kimi hərbçi olmaq istəyən İlqar üç il əyani şöbədə oxuduqdan sonra axşam şöbəsinə keçərək, milis (polis) orqanlarında işə başlayıb. V kursda oxuyanda Yasamal rayon milisində serjant vəzifəsində çalışıb.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları Bakıya daxil olanda iş başında olan İlqarın növbəsinin bitməyinə lap az qalmışdı. Gecə saat 12 radələrində sovet qoşunlarının açdığı atəş nəticəsində yaralanan İlqar Əbilhəsənov xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Oxuduğu Nəsimi rayonundakı 42 saylı orta məktəb bu gün onun adını daşıyır.

Digər əbədi tələbəmiz Əzizov Habil Kommunar oğlu 19 yanvar 1968-ci ildə Ağstafanın Vurğun qəsəbəsində anadan olub. D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda (indiki UNEC) təhsil alıb. Bir il sonra hərbi xidmətə yollanıb. Hərbi xidmətini Riqada başa vurub, yenidən instituta qayıdıb. Qiyabi təhsil alaraq, Ağstafada sovxoz idarəsində işləyib.

1990-cı ilin yanvarında III kurs tələbəsi Habil qış imtahan sessiyasında iştirak etmək üçün şəhərə gəlmişdi. Yanvarın 19-da imtahandan çıxdıqdan sonra, dostları ilə ad gününü qeyd edib. Gecə sovet qoşunları Bakıya daxil olanda Habil dostlarından ayrılaraq, şəhərə çıxıb. Elə həmin gün, sovet tankının altında qalaraq, şəhid olub. Ağstafadakı Şəhidlər Xiyabanında dəfn olunub. Bakıdakı Şəhidlər Xiyabanında isə şəkli əbədiləşib. Oxuduğu orta məktəb onun adını daşıyır.

Allah şəhidlərimizə rəhmət eləsin! 

TOP XƏBƏRLƏR