A

UNEC-də 20 Yanvar Ümumxalq Hüzn Gününün otuz ikinci ildönümünə həsr olunan seminar, mühazirə və dəyirmi masalar keçirilib. Təbdirdən öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mühəndislik fakültəsinin və UNEC Dizayn Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən seminar “20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir” mövzusunda olub. Seminarda çıxış edən Mühəndislik fakültəsinin dekanı dosent  Elçin Səmədov, dosentlər Telman Niftalıyev, Gülnisə Abbasbəyli, Nüsrət Qurbanov və hadisələrin canlı şahidi olmuş Dizayn” kafedrasının baş müəllimi Şəhla Abdullayeva 20 Yanvar faciəsinin tarixi xronologiyasını seminar iştirakçılarının nəzərinə çatdırıblar. Azərbaycan xalqının misilsiz qəhrəmanlığından, sovet ordusunun öz azadlığı uğrunda mübarizəyə qalxan silahsız insanlara qarşı törətdiyi hərbi cinayətdən söz açıblar. Tədbirin sonunda 20 Yanvar faciəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

İqtisadiyyat fakültəsində müəllim-professor heyəti və tələbələrin iştirakı ilə təşkil olunan tədbirdə fakültə dekanı dosent Elçin Eyvazov və Humanitar fənlər kafedrasının müdiri professor Vəkil Həsənov mövzu ilə bağlı məruzələrlə çıxış ediblər. Onlar ulu öndər Heydər Əliyevin faciədən dərhal sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirdiyini, SSRİ rəhbərliyinin Bakıya qoşun yeridilməsi haqqındakı qərarını insanlığa, demokratiyaya və konstitusiyaya zidd addım kimi qiymətləndirərək bu faciəni törədənlərin cəzalandırılmasını tələb etdiyini iştirakçıların diqqətinə çatdırıblar.

“20 yanvar - tarixi yaddaşımıza yazılan gün” mövzusuna həsr olunan seminar isə Biznes və menecment fakültəsində olub. Seminarda fakültə dekanı dosent Mirağa Əhmədov, kafedra müdirləri professor Vəkil Həsənov və professor Arif Şəkərəliyev sovet ordusunun 20 Yanvar hadisələrində dinc əhaliyə qarşı törətdiyi hərbi cinayətdən danışıblar, xalqımızın müstəqillik uğrunda göstərdikləri qəhrəmanlıq mübarizəsindən bəhs ediblər.

“20 Yanvar faciəsi tariximizin qürur səhifəsidir” mövzusunda Rəqəmsal iqtisadiyyat fakültəsində təşkil olunan tədbirdə fakültənin dekanı dosent Elman Cəfərov, professor Nizami Süleymanov çıxış edərək, Yanvar hadisələri zamanı Vətənin müdafiəsinə qalxmış, haqsızlıq və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış dinc əhalinin sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirilməsini yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri dəyərlərə, humanizmə qarşı törədilən cinayət adlandırıblar. 20 Yanvar faciəsinin xalqımızın azadlıq mübarizəsinin rəmzi olduğunu diqqətə çatdırıblar.

Konfransda RİM-in direktoru dosent Mənsur Bərxudarov 32 il öncə baş verən 20 Yanvar hadisələrinə qısa nəzər salıb. Ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqın dinc etirazının qəddar şəkildə boğulmasını insanlıq əleyhinə cinayət kimi qiymətləndirərək, bu yolda canlarından keçən mübariz oğul və qızların sayəsində dövlətimizin müstəqilliyə qovuşduğunu vurğulayıb.

Sonra dosentlər Sevinc Abbasova, Natiq Qurbanov, Rauf Quşxani 20 Yanvar hadisələrinə ilk olaraq ümummilli lider Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini bildiriblər, Prezident İlham Əliyevin rəhbərliyi altında dinamik inkişaf edən Azərbaycanın müstəqilliyinin gorunub saxlanmasının vacibliyindən bəhs ediblər. Konfransda kafedranın gənc müəllimi və doktorantı Günay Əlizadə milli ziyalılığının formalaşması barədə təqdimatla çıxış edib.

Növbəti tədbir Maliyyə və maliyyə institutları kafedrasında olub. Kafedranın müdiri professor Əvəz Ələkbərov 20 Yanvar faciəsinin insanlığa və xalqımıza qarşı törədilmiş ən amansız və dəhşətli cinayətlərdən biri olduğunu qeyd edərək, bu hadisələrdə Azərbaycan xalqının milli azadlıq və istiqlal amalı uğrunda canından belə keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdiyini vurğulayıb. Kafedranın dosenti Zöhrab Paşayev isə yanvar hadisələri ətrafında cərəyan edən siyasi proseslər haqqında tədbir iştirakçılarını məlumatlandırıb.

UNEC-in Mühasibat uçotu və audit kafedrasında 20 Yanvar faciəsinin otuz ikinci ildönümünə həsr olunmuş onlayn seminar keçirilib. Kafedranın müdiri, professor Sifariz Səbzəliyev otuz iki il öncə Sovet ordusunun ölkəmizdə törədiyi qırğınlar barədə seminar iştirakçılarına məlumat verərək və qeyd olunan hadisələrin tarixə “Qara Yanvar” kimi daxil olduğunu bildirib.

Kafedranın professoru Fazil Hacıyev 1990-cı il yanvarın 20-də keçmiş Sovet imperiyasının xalqımızın azadlığı uğrundakı mübarizə əzmini qırmaq üçün törətdiyi qırğınların səbəblərindən söz açıb.

Azərbaycan dili kafedrasında “Qəhrəmanlıq və iftixar tariximiz” mövzusunda keçirilən tədbirdə kafedra müdiri  professor Tofiq Əbdülhəsənli, Ümumi Fənlərin Tədrisinin Təşkili Departamentinin direktoru, dosent Gülnarə Rzayeva, kafedranın dosentləri Aybəniz Hüseynova, Aynur Qədimalıyeva, Aydın Rzai, Gülbəniz İsmayılzadə, Çinarə Qəhrəmanova, baş müəllim Könül İbrahimova 20 Yanvar hadisələri barədə fikirlərini bölüşüblər. 20 Yanvar faciəsində qətlə yetirilənlərin, müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllinin mühüm vəzifələrdən biri kimi qarşıya qoyulduğunu, şəhid ailələrinin sosial təminatının ildən-ilə daha da möhkəmləndirildyini diqqətə çatdırıblar.

Ümumi Fənlərin Tədrisinin Təşkili Departamentinin keçirdiyi seminarda departamentin direktoru dosent Gülnarə Rzayeva, kafedra müdiri professor Vəkil Həsənov, professor Hidayət Cəfərov 20 Yanvar faciəsindən başlanan milli-azadlıq hərəkatının tarixindən söz açıblar. 1990-cı ilin 20 Yanvar hadisələrinin xalqımızın milli bütövlüyünü təsdiqləyən ən böyük hadisələrdən biri kimi tarixin yaddaşına əbədi həkk olunduğunu bildiriblər.

Magistratura Mərkəzində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş guşə hazırlanıb və dəyirmi masa keçirilib. Dəyirmi masada mərkəzin direktoru professor Qabil Manafov, professor Məhiş Əhmədov və dosent Validə Mehdiyeva 1990-cı il yanvarın 20-sinin Azərbaycanın müasir tarixində ən faciəli günlərdən biri olmaqla yanaşı, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrildiyini bildiriblər.

Azərbaycan Dövlət İqtisad Universiteti Tələbə Gənclər Təşkilatı və Türk Dünyası İqtisad fakültəsinin birgə təşkilatçılığı ilə 20 Yanvar hadisələrinin 32-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə Türk Dünyası İqtisad fakültəsinin dekan müavini Cəvahirxanım Məmmədova tələbələrə 20 Yanvar hadisələri haqqında məlumat verərək, həmin hadisələri yaşayan biri kimi öz təəssüratlarını tələbələrlə bölüşüb. O, Ümumxalq Hüzn Günü kimi qeyd etdiyimiz 20 Yanvar faciəsinin Azərbaycanın müstəqilliyi uğrunda mübarizə tarixinə şərəf və qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu deyib. 

TOP XƏBƏRLƏR