A

UNEC-də 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunan xüsusi dərslər keçirilib. Dərslərdən öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Maliyyə və mühasibat fakültəsində keçirilən dərsdə dekan Hafis Hacıyev, Humanitar fənlər kafedrasının professoru Məhəbbət Paşayeva 20 Yanvar hadisələrinin tarixi kökləri, baş vermə səbəbləri, ağır nəticələri, bu faciənin səbəbkarlarından söz açıblar və 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilməsində Ulu Öndər Heydər Əliyevin rolundan bəhs ediblər.

SABAH mərkəzində isə Şəbnəm Hüseynova tələbələrə 20 Yanvara həsr olunan mühazirə dərsi keçib. O, 20 Yanvar hadisəsinin Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi olduğunu və xalqımızı bir yumruq kimi müstəqillik uğrunda birləşdirdiyini deyib.

Mühəndislik fakültəsində THİK-nin iştirakı ilə keçirilən xüsusi dərsdə dekan müavini dosent İlham Seydəliyev, Humanitar fənlər kafedrasının dosenti Telman Niftaliyev məruzə ilə çıxış edərək, 20 Yanvar faciəsinin baş vermə səbəblərindən danışıblar. Xüsusi dərsdə UNEC Yaradıcılıq mərkəzinin üzvləri Rəşad Mustafayev və Əlizamin Əhmədov 20 Yanvar faciəsinə həsr edilən şeirlər səsləndiriblər.

Rus İqtisad Məktəbinin direktoru dosent Mənsur Bərxudarov ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqın dinc etirazının qəddar şəkildə boğulmasını insanlıq əleyhinə  cinayət kimi qiymətləndirərək, bu yolda canlarından keçən mübariz oğul və qızların sayəsində dövlətimizin müstəqilliyə qovuşduğunu vurğulayıb. Professor Hidayət Cəfərov isə “1990-cı ilin Yanvar hadisələri və Azərbaycanda milli-azadlıq hərəkatının yeni mərhələsi” mövzusunda çıxış edib.

Qiyabi və əlavə təhsil mərkəzində 20 Yanvara həsr edilmiş xüsusi dərsdə mərkəzin direktoru Səbuhi Tanrıverdiyev, tələbələrlə iş üzrə prorektor, dosent Səadət Qəndilova, Humanitar fənlər kafedranın müdiri, professor Vəkil Həsənov 20 Yanvar hadisəsi  xalqımızın tarixinə həkk olunmuş ən qanlı faciələrdən olduğunu deyiblər. Keçmiş Sovet imperiyası ordusunun  qarşısına silahsız, əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidlərinin qəhrəmanlığının Azərbaycan gəncləri üçün örnək olduğunu bildiriblər. Bu il 20 Yanvar faciəsini bütöv Azərbaycanın, qalib ölkənin vətəndaşları kimi yad etdiyini vurğulayıblar.

İqtisadiyyat fakültəsində keçirilən xüsusi dərsdə dekan müavinləri dos. Müşrəvan Əliyev, dos. Elşən Məmmədov, professor Hidayət Cəfərov, baş müəllimi Pərviz Səmədov tələbələr qarşısında mövzu ilə bağlı çıxış ediblər.

Magistratura Mərkəzi və Rəqəmsal İqtisadiyyat fakültəsinin birgə təşkilatçılığı ilə xüsusi dərslər təşkil edilib. Tədbirdə professor-müəllim heyəti və tələbələr iştirak edib. Magistratura mərkəzinin direktoru professor Qabil Manaf, professorlar Vəkil Həsənov, Rövnəq, dosent Afaq Məmmədova, fəxri professor Validə Mehdiyeva və digərləri çıxış edərək 20 Yanvar hadisələrinin müstəqillik tariximizdə oynadığı mühüm roldan bəhs edib. Baş verən hadisələrin Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədiyini, igid oğullarımızın şəhidlik zirvəsinə yüksələrək, xalqımızın yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini bütün dünyaya nümayiş etdirdiklərini bildiriblər.

Türk Dünyası İqtisad Fakültəsində keçirilən xüsusi dərsdə fakültənin müəllimi Aqil Məmmədov "20 Ocak Katliamı" adlı təqdimatla çıxış edib. O, 20 Yanvar hadisələri zamanı xalqımızın başına gətirilən müsibətlərdən, qətliamın səbəblərindən və Azərbaycan xalqının azadlıq mübarizəsi ilə bağlı fikirlərini müəllim və tələbələrlə bölüşüb. 

UNEC Biznes Məktəbində təşkil olunan xüsusi dərslərdə mərkəzin direktoru, dosent Nazim Hacıyev 20 Yanvar faciəsinin Azərbaycan xalqının mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdiyini deyib. O, ulu öndər Heydər Əliyevin 1990-cı il yanvarın 21-də sovet rejiminin qadağalarına baxmayaraq, həyatını təhlükə qarşısında qoymaqla,  Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdiyini diqqətə çatdırıb. 20 yanvarda ölkəmizin müstəqilliyi uğrunda canını qurban verən şəhidlərimizin adının əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunduğunu bildirib.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay