UNEC Dizayn Məktəbi, UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və təşkili şöbəsi, UNEC İslam Maliyyə Mərkəzinin təşkilatçılığı ilə “İslam İqtisadiyyatında Moda İndustriyası: Nüfuzlu Dizayn Məktəblərində İslam Moda Trendləri” mövzunda tədbir keçirilib.
Tədbirin moderatoru, UNEC İslam Maliyyə Mərkəzinin rəhbəri professor Zahid Məmmədov mövzunun aktuallığına diqqət çəkərək, geyim dəbinin iqtisadi inkişafa təsirindən danışıb.
UNEC Dizayn məktəbinin direktoru dos. Lalə Məmmədova isə qadın geyimlərinin üslubundan və özünəməxsus tərzindən söz açıb. O, geyimlərin funksionallığı, məkana göyə üslublarının seçilməsi barədə iştirakçılara ətraflı məlumat verib.
Tədbirdə iştirak edən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru Səbirə Dünyamalıyeva “İslama görə geyim və libas” mövzusunda çıxış edərək, hər bir xalqın geyim tərzinə tolerant yanaşmağın önəmini vurğulayıb. İslam dinində qadının geyim tərzinin ən vacib elementlərdən biri olduğunu diqqətə çatdırıb.
Sonra Dizayn kafedrasının müəllimi Nərminə Namazova “Moda industriyasında İslam ənənələri”, Ülkər Bayramovanın “Müasir modada tendensiya və üslublar” mövzusunda məruzələri və UNEC İslam Maliyyə Mərkəzinin tədqiqatçısı Əfqan Musayevin İslam dünyasında kişi libaslarının xüsusiyyətləri və nümunələri barədə təqdimatı ilə davam edib.
İştirakçılar tərəfindən böyük maraqla qarşılanan tədbirdə məruzəçilər sonda sualları cavablandırıblar.