A

"Xalq qəzeti" 

"Xalq qəzeti" (PDF)

Müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyev sosial siyasəti öz rəhbərlik missiyasının prioriteti kimi görmüş, ölkənin bütün potensialının, milli sərvətlərin xalqın bütün təbəqələrinə mənsub olması, sosial ədalət prinsipinin qorunması, əhalinin aztəminatlı hissəsinə dövlət qayğısının artırılması məsələlərini həmişə ön plana çəkmişdir.

Dövlət müstəqilliyinin ilk illərində Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində olduğu kimi, sosial siyasət, sosial müdafiə sahəsində də olduqca ciddi problemlər mövcud idi. Ölkədaxili ictimai-siyasi sabitlik təmin edilməmişdi, iqtisadi proseslərin idarə edilməsinin sosialist modeli dağılmış, yeni sistemi isə yaradılmamışdı. İq­tisadi tənəzzül dərinləşir, inflyasiya günbəgün yüksəlir, yoxsulluq səviyyəsi artır, qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin və müharibə əlillərinin minimum sosial tələbatlarının ödənil­məsi, əməkhaqlarının və pensiyaların verilməsinin aylarla gecikdirilməsi cə­miyyətdəki sosial gərginliyi daha da artırırdı.

1993-cü ilin iyununda ölkədə yaran­mış son dərəcə ağır siyasi və hərbi və­ziyyət dövlətimizi müstəqilliyin itirilməsi və vətəndaş müharibəsi təhlükəsi qar­şısında qoymuşdu. 

Belə bir çətin dönəmdə xalqın təkidi ilə siyasi hakimiyyətə qayı­dan ümummilli lider Heydər Əliyevin parlaq zəkası və iradəsi sayəsində müasir Azərbaycan dövləti yarandı, möhkəmləndi, regionun güc və nüfuz mərkəzinə çevrildi. Dünya şöhrətli bö­yük qırğız yazıçısı və diplomat Çingiz Aytmatov çox haqlı olaraq qeyd edirdi ki: "Heydər Əlirza oğlu Əliyev XX əs­rin ən böyük liderlərindəndir. O, müasir demokratik Avrasiyanın yeni tarixinin bugünkü yaradıcılarından biridir".

Heydər Əliyevin müasir dövlətçilik siyasətinin başlıca prinsipi "dövlət xalq üçündür" ideyasıdır. Ümummilli liderin müəllifi olduğu Konstitusiyamızda bu ideyanın sosial mahiyyəti bariz şəkildə öz təsdiqini tapmışdır.

Müstəqil Azərbaycanın dövlət quru­culuğu və inkişafı strategiyasını müəy­yən edərkən Ulu öndər sosial siyasəti prioritet istiqamətlərdən biri olaraq müəyyən etmiş, milli sərvətlərin xalqın bütün təbəqələrinə mənsub olması, so­sial ədalət prinsipinin qorunması, əha­linin aztəminatlı hissəsinə dövlət qay­ğısının artırılması məsələlərini həmişə diqqət mərkəzində saxlamışdır. 

Sosial siyasət əhalinin layiqli həyat səviyyəsinin təmin olunmasına, gəlir­lərin yüksəlməsinə, maddi nemətlərin ədalətli bölünməsinə, məşğulluğun təmin edilməsinə sosial müdafiənin güclənməsinə, səhiyyə, təhsil, mə­dəniyyət, gənclər və idman, turizm sahələrində təminatların həyata keçi­rilməsinə yönələn tədbirlər sistemi ol­maqla, hər bir dövlətin iqtisadi siyasəti, iqtisadi inkişaf səviyyəsi ilə sıx bağlı olan daxili siyasətin mühüm tərkib his­səsidir. Hər bir ölkənin sosial siyasətini onun hüquqi sistemi, iqtisadi siyasəti, iqtisadi inkişaf səviyyəsi şərtləndirir. Sosial siyasətin uğuru ölkənin iqtisadi imkanları ilə birbaşa bağlıdır. Sosial si­yasətin təminatlı və əhatəli olması üçün möhkəm iqtisadi təməl və hüquqi baza­nın mövcudluğu mühüm şərtdir. Məhz buna görə də müstəqil Azərbaycanın sosial siyasət strategiyasını müəy­yənləşdirən zaman Heydər Əliyev bir tərəfdən sosial siyasətin ölkənin real iqtisadi imkanlarına uyğunlaşdırılması­na, digər tərəfdən isə müvafiq normativ – hüquqi bazanın yaradılmasına ciddi önəm verirdi.

Sosial-iqtisadi sferada aparılan köklü islahatlar bir çox hallarda, əha­linin müəyyən qrupunun, bəzən isə əksəriyyətinin sosial adaptasiyasına mənfi təsirlə müşayiət olunur. Planlı iqtisadiyyatdan bazar münasibətləri ilə tənzimlənən iqtisadi sistemə keçidin mürəkkəb xüsusiyyətləri və tez-tez də­yişən şərtləri balanslaşdırılmış sosial islahatların dəqiq, ağrısız, insanların güzəranına mənfi təsir göstərmədən aparılmasını tələb edirdi. Modern döv­lət quruculuğu yoluna qədəm qoymuş müstəqil Azərbaycanın sosial siyasə­tinin təməlində iki klassik prinsip da­yanırdı: Sosial ədalət və sosial rifah. Ümummilli lider Heydər Əliyev sosial sahədə dövlətin vəzifəsini bunda gö­rürdü: "Bir dövlət olaraq, hökumət ola­raq, biz xalqımızın, millətimizin, vətən­daşlarımızın sosial tələbələrini təmin etməliyik...”

1995-ci ildən başlayaraq ölkədə iqtisadi tənəzzül dayandı və bu sosial sahədə siyasətin konkret istiqamət­lərinin müəyyənləşməsinə, islahatlar aparılmasına və sosial siyasətin geniş hüquqi bazasının yaranmasına təkan verdi.

Heydər Əliyev əsas sosial prob­lemlərdən olan əmək bazarının for­malaşmasına, məşğulluq və işsizlik məsələlərinə xüsusi önəm vermiş, bu sahədə həyata keçirilən mühüm təd­birlər hesabına ölkə iqtisadiyyatında qeyri-dövlət sektoru üzrə məşğullu­ğun payı 1995-ci ildəki 43,9 faizdən, 2002-ci ildə 69,7 faizə qədər yüksəl­mişdir. Bu dövrdə qəbul edilən Əmək Məcəlləsi, Məşğulluq və Əmək Miqra­siyası haqqında qanunlar, Demoqrafik İnkişaf və Pensiya İslahatı konsepsiya­ları, Yoxsulluğun Azaldılması və İqtisa­di İnkişaf üzrə Dövlət Proqramı əmək bazarı və əhalinin sosial müdafiəsi sfe­ralarında yeni inkişaf strategiyasının əsasını qoymuşdur.

Hazırda Azərbaycanda sosial si­yasətin əsas istiqamətləri liberal iqtisa­diyyata, insan haqlarına və demokratik dəyərlərə əsaslanan sosial dövlətin iqtisadi-siyasi sisteminə uyğundur və başlıca olaraq aşağıdakı sahələri əhatə edir:

  1. Əhalinin pul gəlirləri siyasəti (həyat səviyyəsi, istehlak səbəti, rifah halı);
  2. Əmək və əmək münasibətləri sahəsində siyasət (əməyin ödənilmə­si, sosial sığorta, əməyin mühafizəsi, məşğulluq);
  3. Sosial dəstək və aztəminatlı tə­bəqənin (əlillər, pensiyaçılar, şəhid ailələri və s.) sosial müdafiəsi, pensiya təminatı, sosial müavinətlər, yardımlar və sosial xidmət təminatı;
  4. Sosial sahələrin inkişaf istiqamət­lərinin müəyyənləşdirilməsi (sağlam­lığın qorunması, təhsil, elm, mədəniy­yət, turizm, bədən tərbiyəsi və idman);
  5. Sosial-ekoloji siyasət;
  6. Sosial infrastruktur siyasəti (mən­zil, nəqliyyat, rabitə, ticarət, məişət xid­məti və s.);
  7. Miqrasiya siyasəti.

Sosial rifah dövlətinə çevrilməyi və inkişaf etmiş dövlətlərin sırasına qatılmağı ali məqsəd olaraq qarşısına qoyan modern Azərbaycan dövləti və hökuməti sosial siyasəti uğurla həyata keçirmək üçün aşağıdakı sivil və de­mokratik mexanizmlərdən istifadə edir: 

  • sosial sığorta;
  • pensiya təminatı;
  • müavinətlər və yardımlar;
  • sosial xidmət;
  • sosial təminat.

Müstəqil Azərbaycan dövlətinin sosial siyasətinin iqtisadi konturları və hüquqi əsasları XX əsrin sonlarında tamamlanmaq üzrə idi. Yeni əsr və mi­nillik sosial sahələrdə böyük islahatlar və uğurlar vəd edirdi. Məhz bu uğurları öncə görən müdrik Heydər Əliyev söy­ləyirdi: “Biz XXI əsrə daha da qüdrətli müstəqil Azərbaycan dövlətini çatdır­maq istəyirik. Gələcək nəsillərə daha xoşbəxt həyat yaratmaq istəyirik. Azər­baycanın imkanlarından səmərəli isti­fadə edib, iqtisadiyyatı inkişaf etdirib, Azərbaycan xalqının rifah halını yük­səltmək üçün çalışırıq".

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə dövlət mülkiyyə­tində olan əmlakın ədalətli bölgüsü – özəlləşdirilməsinə başlanıldı, hər bir Azərbaycan vətəndaşına ümumi mülkiyyətdən bərabər pay - özəlləşmə çekləri verildi. Kəndlərdə yaşayanlara isə torpaq payı eyni prinsiplə bölündü. Bazar münasibətlərinə əsaslanan, eyni zamanda, sosial ədalətə söykənən sığorta sisteminin yaranması, bunun üçün qanunvericilik bazasının forma­laşması ("Sosial sığorta haqqında", "Dövlət sosial sığorta sistemində fər­di uçot haqqında", "İcbari tibbi sığor­ta haqqında" və s. qanunlar), sığorta prinsipinə əsaslanan yeni pensiya sisteminin yaranmasının konseptual əsaslarını müəyyən edən "Azərbay­can Respublikasında pensiya islahat­ları Konsepsiyasının" Ümummilli lider Heydər Əliyevin 2001-ci il 17 iyul ta­rixli sərəncamı ilə təsdiq olunması, əlil probleminin kompleks həlli məqsədi ilə Prezidentin 14 may 1998-ci il tarixli sərəncamı ilə “1998-2001-ci illər üçün əlilliyin qarşısının alınması, əlillərin re­abilitasiyası və sosial müdafiəsi üzrə Dövlət Proqramının" təsdiq edilməsi və s. addımlar müasir Azərbaycan dövlə­tinin sosial siyasətinin yeni dövrün ça­ğırışına uyğun formalaşmasına xidmət edirdi.

Ayrı-ayrı sosial sahələrdə vahid siyasəti həyata keçirmək üçün təşki­lati-struktur vahidlərinin yaranması da modern dövlətin sosial siyasətinin tər­kib hissəsi idi. Məhz Prezident Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci ildə Qaçqın və məcburi köçkünlərin İşlə­ri üzrə Dövlət Komitəsi, 1996-cı ildə Azərbaycanın azad edilən ərazilərinin bərpası və yenidən qurulması üçün agentlik yaradıldı. Gənclərin və qadın­ların ictimai statusunun yüksəlməsi, bu sahədə problemlərin həlli və perspek­tivlərin həyata keçirilməsi məqsədi ilə 1994-cü ildə Gənclər və İdman Nazir­liyi, 1998-ci ildə isə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı.

Əhalinin sağlamlığının qorunma­sı, səhiyyə xidmətinin keyfiyyətinin yüksəldilməsi üçün Prezident Heydər Əliyevin rəhbərliyi altında bir sıra mü­hüm qanunlar qəbul edildi. Prezidentin 13 mart 1998-ci il tarixli sərəncamı ilə səhiyyə sahəsində islahatlar üzrə Döv­lət Komissiyası yarandı. 

Son illərdəki yüksək inkişafın, sosial-iqtisadi, ictimai-siyasi, bey­nəlxalq sahədəki uğurlarımızın səbəbi haqqında düşünərkən, birinci növbədə Heydər Əliyev siyasi amili, bu siyasə­tin arası kəsilmədən davam və inkişaf etdirilməsi və yeni dövrün tələblərinə uyğun modernləşdirilməsi faktoru ön plana çıxır. 

2003-cü il prezident seçkiləri ərəfə­sində ümummilli lider xalqa müraciətin­də Azərbaycanın inkişaf yolunun İlham Əliyev tərəfindən davam etdiriləcəyini bəyan etdi. "Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin fi­ravanlığı yolunda çox işlər görəcəkdir. İnanıram ki, mənim axıra çatdıra bil­mədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcə­yinə böyük ümid bəsləyirəm".

2003-cü ilin oktyabrında keçirilən Prezident seçkilərində xalqın birmənalı dəstəyini qazanan cənab İlham Əliyev, Prezident kimi and içən zaman Heydər Əliyev siyasi kursunu davam etdirə­cəyini, Heydər Əliyevin şah əsəri olan Azərbaycanı daha da zəngin, qüdrətli ölkəyə çevirəcəyini, hər bir azərbay­canlının Prezidenti olacağını xalqa bə­yan etdi. Cənab İlham Əliyev Prezident kimi Nazirlər Kabinetinin ilk iclasını ke­çirərkən ölkə daxilində həyata keçirə­cəyi siyasətin əsas istiqamətlərini belə müəyyənləşdirdi:

1) Yoxsulluğun aradan qaldırılması üçün effektiv tədbirlərin görülməsi;
2) 600 min yeni iş yerlərinin açıl­ması üçün istehsal və emal sahələrinin yaradılması;
3) Sahibkarlığa dövlət qayğısının artırılması;
4) Azərbaycanda qaçqın və məc­buri köçkünlərin məskunlaşdığı çadır şəhərciklərinin ləğv edilməsi, onların müasir qəsəbələrə köçürülməsi və so­sial problemlərinin həlli;
5) Yanacaq - energetika komplek­sində əhalinin tələbatının ödənilməsi ilə bağlı problemlərin həlli;
6) Transmilli layihələr çərçivəsində ölkənin yeni infrastrukturunun yaradıl­ması;
7) Regionların sosial - iqtisadi in­kişafı proqramlarının hazırlanması və həyata keçirilməsi.

Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi sosial siyasət xət­ti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Bu gün ölkə­miz öz ictimai siyasi, iqtisadi həyatının bütün sahələrində olduğu kimi, sosial siyasət sahəsində də böyük uğurlara imza atmaqdadır. Aparılan məqsəd­yönlü sosial siyasət və konkret nəti­cələrə hesablanmış islahatlar nəticə­sində hər bir xalqın həyat səviyyəsinin mühüm göstəricisi olan yoxsulluq həd­di 2001-ci ildəki 49 faizdən 2023-cü ildə 5 faizə enmişdir. Dünyanın heç bir ölkəsində 20 il ərzində yoxsulluğun bu qədər azalması təcrübəsi yoxdur. An­caq cənab Prezidentin son məqsədi Azərbaycanda yoxsulluğun kökünün kəsilməsidir. 

Sosial müdafiənin gücləndirilməsi sahəsindəki tədbirlər əhalininin sosial rifah halının yüksəlməsinə hədəflən­dirilmişdir: pensiya və müavinətlərin müəyyən edilməsinin hüquqi bazasının yaradılması və dinamik artım tempi, qaçqın və məcburi köçkünlərin sosial və məişət şəraitinin yaxşılaşdırılması­na yönələn tədbirlər, əlillərin və şəhid ailələrinin, qazilərin problemlərinə döv­lət qayğısı, sosial sığorta sisteminin inkişafı, əmək münasibətlərinin hüquqi tənzimlənməsi, əhalinin pul gəlirlərinin inflyasiyanı üstələməsi, xüsusi ilə regi­onlarda sosial infrastrukturun yenidən qurulması Azərbaycanın modern döv­lət olaraq öz inkişafının yeni mərhələ­sinə qədəm qoyulmasını şərtləndirən amillərdir. 

Sosial-iqtisadi inkişafımızın bugün­kü səviyyəsi bizə "hazırda ölkəmizdə inkişaf edən sosial dövlət modeli tam bərqərar olmuşdur" – söyləməyə əsas verir.

Elşən MƏMMƏDOV,
Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri, dosent

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay