A

Yeni il və Milad bayramları ailə üzvlərini daha da yaxınlaşdırır, insanları birləşdirir, isti hisslər bəxş edir və doğma bir əhval-ruhiyyəsi yaradır. Amma bəzən ənənələri sadəcə əyləncə saymaq olmaz – onlar mədəni və intellektual həyatımıza öz təsirini göstərir.

İslandiyada bu mövzuda çox maraqlı bir ənənə mövcuddur. Milad gecəsi ailələr bir-birinə kitab və şokoladlı konfetlər hədiyyə edirlər. Belə ki, uşaqlı-böyüklü hamı təzə pijamalar geyinir, yeni yataq dəsti sərilmiş çarpayılarda oturur və gecə yarısından keçəndən sonra da şokolad yeyə-yeyə kitabları vərəqləyirlər. İllərlə qorunub-saxlanmış bu sadə ritual həm hüzur, həm də biliklərə yönələn bir təcrübəni təqdim edir desək yanılmarıq.

İslandiyada kitab nəşri və oxu mədəniyyəti xüsusilə inkişaf edib. Yeni nəşrlərin böyük hissəsi məhz Miladda çıxır. Bayram ərəfəsində hər bir islandiyalı ən azı bir kitab hədiyyə alır. Bu kitab alış-verişi fenomeni Jólabókaflóð (yoləbokaflöd) – “Milad kitab seli” adlandırılır.

Yeni il bayramı üçün gözəl, nəfis tərtibatlı kitab kataloqları nəşr olunur ki, bu da doğmalar və dostlar üçün hədiyyə seçimini asanlaşdırması məqsədini daşıyır. Bu baxımdan, həyat yoldaşına, uşaqlara, valideynlərə, nənə-babaya, bacı-qardaşa, xala və əmiyə, dostlara hansı kitabı seçmək hər il ən aktual mövzuya çevrilir. 

Televiziya kanallarında reklam panoları və kommersiya məhsulları əvəzinə yeni kitabların treylerləri göstərilir, ilin maraqlı müəllifləri ilə müsahibələr yayımlanır və uğurlu kitab dizaynları müzakirə edilir.

Tarixə nəzər salsaq görərik ki, kitab hədiyyə etmək ənənəsi uzun, soyuq və qaranlıq islandiya qışları ilə bağlıdır. Kənd sakinləri qədimdən odun sobası başında toplaşıb hekayələr danışırdılar. Onlarda belə bir deyim var: “ad ganga med bok I maganum” – “hamının içində bir kitab var”, yəni hər kəsin danışacaq və yazacaq bir hekayəsi var.

Müasir statistika göstərir ki, İslandiya mütaliə vərdişlərinə görə dünyada lider ölkələrdəndir. Əhalinin 30%-dən çoxu ayda ən azı beş kitab oxuyur, 70% islandiyalı dost və yaxınlarına ildə ən azı bir kitab hədiyyə edir. Həmçinin, yerli dildə kitab nəşrinə görə də üstünlük təşkil edir. Eləcə də hesablamalara görə, hər onuncu islandiyalı ömrümdə ən azı bir dənə öz kitabını çapdan çıxarır.

Bir sözlə, rəqəmsallaşma dövrünə baxmayaraq, İslandiyada çap kitabına maraq yüksək olaraq qalır. Elektron kitablar və audiokitablar mövcud olsa da, Milad gecəsində fiziki kitab hələ də əsas hədiyyə hesab olunur. Bu fakt kitabın simvolik və emosional dəyərinin texnologiyadan üstün tutulduğunu göstərir. Həmçinin, kitab hədiyyə etmək yalnız bayram ənənəsi deyil, həm də oxu mədəniyyətinin və intellektual həyatın inkişafına yönəlmiş sosial-fəlsəfi bir fenomen kimi qiymətləndirilə bilər. 

Oxu mədəniyyətini təşviq edən bu kimi ənənələr hər bir dövlət tərəfindən milli kontekst nəzərə alınmaqla formalaşdırılmalı, institusional səviyyədə dəstəklənməli və davamlı şəkildə yaşadılmalıdır. Belə təşəbbüslər yalnız mədəni irsin qorunmasına deyil, eyni zamanda intellektual kapitalın inkişafına, cəmiyyətin mənəvi birliyinin möhkəmlənməsinə və gələcək nəsillərdə kitab sevgisinin aşılanmasına xidmət edir. 

Bu ali məqsədləri rəhbər tutaraq, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kitabxana İnformasiya Mərkəzinin (KİM) 24/7 kitabxanasının kollektivi tərəfindən mütaliəsevər tələbələrə Yeni il və 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə kitab hədiyyə edilmişdir. Düşünürük ki, bu əhəmiyyətli təşəbbüs gələcək illərdə də davam etdirilərək, gözəl və dəyərli bir bayram ənənəsinə çevrilməlidir.

Arzu MƏMMƏDOVA
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
Kitabxana İnformasiya Mərkəzinin (KİM) 24/7 kitabxanasının müdiri 

TOP XƏBƏRLƏR