A

UNEC-in tədqiqatçı müəllimi, i.f.d. Həsrəddin Quliyev Almaniya Federativ Respublikasının nüfuzlu ali təhsil müəssisələrindən biri olan Fridrix-Aleksandr Universitetində 3 həftəlik elmi ezamiyyətdə olub.

Ezamiyyətin əsas məqsədi UNEC alimlərinin Avropanın qabaqcıl elmi mühitində aparılan tədqiqatlarla yaxından tanış olması, müasir elmi ədəbiyyat və metodoloji yanaşmaların öyrənilməsi, eləcə də mövcud elmi əməkdaşlıqların daha da dərinləşdirilməsi olub.

Səfər çərçivəsində Həsrəddin Quliyev Fridrix-Aleksandr Universitetinin Biznes Məktəbi, İqtisadiyyat və Cəmiyyət struktur bölməsi nəzdində həyata keçirilən elmi fəaliyyətlə tanış olub. O, çevrə (dairəvi) iqtisadiyyatı və süni intellektin iqtisadi təsirləri üzrə tədqiqatlarda tətbiq edilən yeni metodoloji yanaşmalar barədə ətraflı məlumat əldə edib.

Ezamiyyət müddətində Prof. Dr. Mario Liebensteiner ilə birgə Almaniyada karbon emissiyalarının ölçülməsi üçün formalaşdırılmış məlumat bazası üzərində işlənilib, Avropada emissiyaların azaldılması məqsədilə tətbiq olunan karbon vergisi mexanizmi dərindən araşdırılıb. Bununla yanaşı, Prof. Dr.Regina T.Riphahn və Dr.Erwin Winkler ilə süni intellektin əmək bazarında adaptasiyası mövzusunda müzakirələr aparılıb, süni intellektə keçidin ölçülməsi üçün istifadə oluna biləcək göstəricilər və qiymətləndirmə metrikləri müzakirə edilib.

İşgüzar səfərin mühüm nəticələrindən biri UNEC ilə Fridrix-Aleksandr Universiteti arasında birgə elmi tədqiqatların hazırlanması istiqamətində qarşılıqlı razılaşmaların əldə olunmasıdır. İlkin mərhələdə 2026-cı ildə yüksək reytinqli beynəlxalq elmi jurnalda dərc olunması üçün süni intellektin işsizlik səviyyəsinə təsirini araşdıran birgə elmi məqalənin hazırlanması planlaşdırılır. Razılaşmalara əsasən, gələcək mərhələdə ortaq seminarların təşkili, tədqiqatçı mübadiləsi imkanlarının genişləndirilməsi və birgə layihələr üzrə əməkdaşlığın sistemli şəkildə davam etdirilməsi də nəzərdə tutulur.

TOP XƏBƏRLƏR