A

Professor Vəkil Hüseynov ömrünün 80-ci zirvəsinə yüksəlir. Təhsilə, elmə və mühəndislik sahəsinin inkişafına həsr olunan bu yol yalnız bir alim və pedaqoqun həyat hekayəsi deyil, həm də Azərbaycan ali təhsilinin müxtəlif dövrlərdən keçən inkişaf yoludur . 55 illik elmi-pedaqoji fəaliyyətində minlərlə tələbənin yetişməsinə, yeni laboratoriyaların qurulmasına, tətbiqi elmlərin inkişafına və mühəndislik təhsilinin möhkəmlənməsinə töhfə verən professorun adı bu gün də tələbələrinin uğurlarında yaşayır.

“Əməkdar müəllim” fəxri adına layiq görülən Vəkil müəllimlə söhbətimizdə həm keçmişin təhsil mühiti, günün çağırışları, həm də gələcəyin universitet modeli barədə danışdıq. O, 80 illik həyat yoluna nəzər salaraq qazandığı təcrübələri, həyata keçirdiyi yenilikləri və gənc nəslə tövsiyələrini bölüşüb.

– Vəkil müəllim, 80 illik bir ömür zirvəsindən geriyə baxdıqda nələri görürsünüz? Bu yaşın sizə bəxş etdiyi ən böyük təcrübə nədir?

– Bəli, 80 yaş həqiqətən də insan həyatında bir zirvədir. Bu nöqtədən geriyə baxanda keçdiyim yollar, yaşadığım çətinliklər və qazandığım uğurlar bir film kimi gözümün önündən keçir. Hər bir mərhələ mənə yeni bir dərs verib. Düşünürəm ki, keçən illərdə topladığım təcrübə və yaşadıqlarım mənə sonrakı mərhələlərdə hər zaman motivasiya verib, daha möhkəm addımlar atmağa kömək edib.

– Uzun illər müxtəlif ali təhsil müəssisələrində rəhbər vəzifələrdə çalışmısınız. Bu dövrdə həyata keçirdiyiniz yeniliklərdən hansıları xüsusi qeyd edərdiniz?

– Həm Gəncə Texnologiya İnstitutunda, həm Bakı Dövlət Əmtəəşünaslıq-Kommersiya İnstitutunda, həm də UNEC-də çalışdığım illərdə yeni ixtisasların yaradılması prosesi gedirdi. Bu ixtisasların keyfiyyətli tədrisi üçün ən vacib məsələlərdən biri laboratoriyaların qurulması idi. Biz istehsalat müəssisələri ilə sıx əlaqələr quraraq, lazımi cihaz və avadanlıqları əldə etdik və bu sahədə ilk addımları atdıq. Bu laboratoriyaların yaradılması mənim üçün ən böyük uğurlardan biridir, çünki bu gün də həmin baza tələbələrin praktiki biliklərinin formalaşmasına xidmət edir.

– Keçmiş təhsil mühiti ilə bu günkü ali təhsil arasında hansı əsas fərqləri görürsünüz?

– Fərqlər kifayət qədər dərin və çoxşaxəlidir. Sovet dövründə təhsil sistemi daha çox kütləvilik, standart yanaşma və ideoloji tərbiyə üzərində qurulmuşdu. Müasir təhsil isə fərdin inkişafını, onun bacarıqlarını, yaradıcı düşüncəsini və texnologiyalardan istifadə qabiliyyətini ön plana çəkir. Bugünkü tələbə artıq yalnız bilik alan deyil, həm də düşünən, araşdıran və yaradan tərəfdir.

– Müəllimlik fəaliyyətiniz boyunca sizi ən çox qürurlandıran məqam hansıdır?

– Mənim üçün ən böyük qürur mənbəyi tələbələrimin uğurlarıdır. Onların müxtəlif sahələrdə irəliləməsi, yüksək vəzifələrdə çalışması, cəmiyyətə fayda verməsi müəllim üçün ən böyük mükafatdır. Bundan əlavə, UNEC-in son illərdə qazandığı uğurlar, beynəlxalq reytinqlərdə yüksəlməsi və “UNEC” brendi kimi tanınması da məni sevindirən məqamlardandır.

– Sizin zəngin elmi fəaliyyətiniz və ixtiralarınız da var. Onların tətbiq sahələri və elmi yeniliyi haqqında nə deyə bilərsiniz?

– Elmi fəaliyyətim dövründə 7 dərslik, 5 dərs vəsaiti, 170-dən çox elmi məqalə, 1 monoqrafiya, 10-dan çox fənn proqramının və 3 ixtiranın müəllifi olmuşam. Bu ixtiralardan biri – eksperimental pambıqtəmizləyici maşın Dövlət Komissiyası tərəfindən qəbul olunub və Sabirabad pambıq zavodunda uğurla sınaqdan keçib. Burada ən önəmli məqam elmin yalnız nəzəri deyil, praktik tətbiqinin də olmasıdır.

– Sizcə, Azərbaycanda mühəndislik və tətbiqi elmlərin inkişafı üçün hansı istiqamətlər prioritet olmalıdır?

– Bu sahənin inkişafı üçün ilk növbədə qeyri-neft sektorunun gücləndirilməsi vacibdir. Xüsusilə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, aqrar sənayenin inkişafı, kiçik və orta sahibkarlığın genişləndirilməsi önəmli istiqamətlərdir. Bu sahələrdə universitetlərin elmi potensialı daha fəal şəkildə tətbiq olunmalıdır. Aqroparkların yaradılması və kənd təsərrüfatı sahəsində kompleks tədbirlərin həyata keçirilməsi mühəndislik və tətbiqi elmlərin inkişafında mühüm rol oynayır. Bu baxımdan UNEC-də fəaliyyət göstərən Mühəndislik və tətbiqi elmlər kafedrasının elmi potensialı göstərilən sahələrin inkişafına mühüm töhfələr verə bilər.

– Hazırda fəaliyyət göstərdiyiniz sahənin gələcəyini necə görürsünüz?

– Mən bu sahənin gələcəyini innovasiya, dayanıqlılıq və rəqəmsallaşdırma prinsipləri üzərində qurulmuş şəkildə görürəm. Xüsusilə rəqəmsal transformasiya, yaşıl enerji, materialşünaslıq, aqrar sənaye və qida mühəndisliyi sahələri ön plana çıxacaq. Tətbiqi elmlər bir və ya bir neçə təbiət elminin vəhdəti ilə yeni texnologiyaların yaradılmasında həlledici rol oynayır. Son illərdə UNEC-də yaradılan müasir laboratoriyalar tələbələrin praktiki biliklərinin artırılmasına və gənc tədqiqatçıların elmi fəaliyyətinə ciddi dəstək verir.

– Həyatınızın böyük bir hissəsi təhsil və elm ilə bağlıdır. Gənc bir müəllimdən “Əməkdar müəllim” zirvəsinə gedən bu yolda sizi ən çox motivasiya edən nə oldu?

– 55 illik elmi-pedaqoji fəaliyyətim dövründə uzun müddət fakültə dekanı vəzifəsində çalışmışam. Fəaliyyətimin bir hissəsi Gəncə Texnologiya İnstitutunda, digər hissəsi isə ADİU-də keçib. Çalışdığım dövrdə rəhbərlik etdiyim fakültələrin göstəriciləri kifayət qədər yüksək olub. Bu yolda məni ən çox motivasiya edən doğma UNEC və onun işgüzar kollektivi olub. UNEC-in dünyanın nüfuzlu universitet reytinqlərində ildən-ilə irəliləməsi bizi daha böyük hədəflərə ruhlandırır.

– Uzun illər pedaqoji fəaliyyətlə məşğul olaraq çoxsaylı tələbələr yetişdirmisiniz. Sizin fikrinizcə uğurlu tələbəni fərqləndirən əsas xüsusiyyət hansılardır?

– Uğurlu tələbə ilk növbədə məqsədli və motivasiyalı olmalıdır. O, məsuliyyətli olmalı, daim öyrənməyə can atmalı, mütaliə etməli və öz üzərində işləməlidir. Həmçinin müstəqil düşünmək və qərar vermək bacarığı da çox vacibdir.

– “Əməkdar müəllim” fəxri adı sizin üçün nə deməkdir?

– Bu ad mənim uzun illər ərzində gördüyüm işlərə verilən yüksək qiymətdir. 2020-ci ildə ölkə Prezidentinin sərəncamı ilə bu ada layiq görülmək mənim üçün böyük qürur və məsuliyyətdir. Mən bunu dövlət tərəfindən 55 illik fəaliyyətimə verilən yüksək qiymət kimi qəbul edirəm. Eyni zamanda, bu ad gələcək fəaliyyətimdə daha məsuliyyətli olmağa təşviq edir.

– Gənc pedaqoqlara və tədqiqatçılara hansı tövsiyələri verərdiniz?

– Müasir ali təhsil sistemində gənc pedaqoqlar və tədqiqatçılar bilməlidirlər ki, onların elmi fəaliyyətə cəlb olunması və akademik mühitə inteqrasiyası prioritet məsələlərdəndir. Bu gün elmin inkişafında gənclərin rolu getdikcə artır. Gənclər daim öz üzərlərində işləməli, bilik və bacarıqlarını təkmilləşdirməli, yüksək intellektual səviyyəyə və milli düşüncəyə malik nümunəvi mütəxəssislər kimi yetişməlidirlər.

– Həyat yolunuza baxdıqda fərqli etmək istədiyiniz məqamlar varmı?

– Əlbəttə, belə məqamlar olur. Bu gün texnologiyaların inkişafı və yeni tədris metodları təhsildə çox böyük imkanlar yaradır. Əgər bu imkanlar əvvəllər də olsaydı, bəzi işləri fərqli qurmaq olardı. Hazırda UNEC-də innovativ yanaşmaların tətbiqi, layihə əsaslı təhsilin inkişafı, hibrid modellər və süni intellektin tətbiqi gələcək üçün çox müsbət nəticələr vəd edir. Bütün bunlar hazırlanacaq gənc mütəxəssislərin keyfiyyətinin daha da yüksəlməsinə xidmət edir.

SONDA. Professor Vəkil Hüseynov 80 illik yubileyi münasibətilə UNEC ailəsi adından səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, yeni elmi uğurlar və tələbələrinin nailiyyətləri ilə daim qürur duymağı arzulayırıq!

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay