A

"Xalq qəzeti"

Son illərdə Azərbaycan iqtisadiyyatı uğurla inkişaf etməkdədir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda qeyri-neft sektorunun inkişafının təmin olunması, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi, ölkəmizin ixrac potensialının artırılması, xarici investisiyaların cəlb edilməsi, biznes və in­vestisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində çox vacib layihələr icra olunub. Ələt Azad İqtisadi Zonasının yaradılması da belə layihələrdən biri­dir. Bu layihənin icrası Azərbaycana böyük iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkəmizin regionda mövqelərini daha da gücləndirəcək, Şərq-Qərb və Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində mühüm rolu olan respublikamızın strateji əhəmiyyətini daha da artıracaq. Bu iqtisadi zonanın yaradılması dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına, yeni investisiyaların cəlb edilməsinə şərait yaradacaq.

Bu barədə danışan Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Vəkil HÜSEYNOV bildirdi:

– Ələt Azad İqtisadi Zonası Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və ölkədə azad sahibkarlığın, eləcə də bütövlükdə, iqtisadiyyatın inkişafına geniş şərait yaradan çox mühüm layihələrdən biridir. İqtisadi Zonanın təməlqoyma mərasimində dövlət başçısı şəxsən iştirak etdi və burada Azərbaycan Televiziyasına müsahibə verərək öz fikirlərini yerli və xarici investorlarla bölüşdü.

Birinci növbədə öyrəndik ki, Ələt Azad İqtisadi Zonası çox geniş bir ərazini əhatə edir. Onun ümumi sahəsi 850 hektar olacaq. İqtisadi zonanın ümumi sahəsinin 60 hektarında layihələndirilmə artıq başa çatıb və tikinti işlərinə başlanılıb, bütün infrastrukturun yaradılması üçün zəruri addımlar atılır. İkincisi, məlum oldu ki, iqtisadi zonanın yaradılmasında əsas məqsəd qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etməkdir. İnnovativ texnologiyalardan istifadə edərək xidmətlər göstərən investorları cəlb etmək, bu şirkətlərin Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin olunması nəticəsində ölkə iqtisadiyyatının dinamik və dayanıqlı inkişafına töhfə vermək, eləcə də on minlərlə yeni iş yerləri yaratmaq da əsas hədəflərdəndir.

Prezident İlham Əliyev də müsahibəsində bildirdi ki, bu gün dünyanın müxtəlif ölkələrində azad iqtisadi zonalar var. Bəzi ölkələrdə bunu təbii şərait, çoğrafi yerləşmə şərtləndirir. Açıq dənizlərə çıxışı olmayan ölkələrdə azad iqtisadi zonaların yaradılması təcrübəsi o qədər də uğurlu deyil. Ona görə də Azərbaycan bütün bu uğurlu və uğursuz təcrübəni öyrənib, təhlil aparıb: “Hesab edirik bu gün Azərbaycanda bütün ilkin şərtlər var ki, investorları məhz bu zonaya cəlb edək. Hesab edirəm ki, ilk növbədə, bu yerin çoğrafi vəziyyəti əlverişlidir – dəniz kənarında, dəniz limanının böyründə yerləşir, kifayət qədər böyük ərazidir”.

Dövlət başçısı qeyd etdi ki, Azərbaycanda çox gözəl sərmayə iqlimi də var. Bu, həm neft-qaz layihələrinin icrası zamanı nümayiş etdirilib, həm də digər sahələrdə aparılan islahatlar nəticəsində çox gözəl investisiya iqlimi yaradılıb. Təsadüfi deyil ki, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerə layiq görülüb, hətta bir çox inkişaf etmiş ölkələri qabaqlayıb. Möcvud gözəl investisiya iqlimi investorları cəlb etmək üçün əsas şərtlərdən biridir.

İnvestorları cəlb edəcək digər vacib məsələ müasir infrastrukturun möcvudluğudur. Bu infrastruktur son illər ərzində ardıcıl şəkildə yaradılıb. Bununla bağlı Prezident dedi: “Potensial investorlar, ilk növbədə, Dünya Bankının “Doing Business” hesabatına baxırlar, eyni zamanda, Davos Ümumdünya İqtisadi Forumunun reytinq cədvəlinə baxırlar. Hər iki yerdə bizim üstünlüyümüz göz qabağındadır. İnfrastruktur layihələrinin səviyyəsinə görə, baxın, Azərbaycan hansı yerlərə layiq görülüb. Elektrik təchizatı sahəsində Azərbaycan Davos Forumunun hesabatında dünya miqyasında ikinci yerdədir. Təsəvvür edin, dünya miqyasında ikinci yerdə. Dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci yerdə. Hava nəqliyyatının səmərəliliyinə görə 12-ci yerdə. Avtomobil yollarının keyfiyyətinə görə 24–27-ci yerləri bölüşür. Xəzər gəmiçiliyi gəmiçilik xidmətlərinə görə 25-ci yerdədir”.

Təbii ki, bu uğurlar ölkəmizin dinamik inkişafını təmin edir. Bu baxımdan Ələt Azad İqtisadi Zonasının ölkəmizə yeni dividendlər gətirəcəyinə inanırıq.

Söhbəti yazdı: Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay