Azərbaycanın, həmçinin bütün regionun gələcəyi üçün mühüm əhəmiyyət kəsb edən Brüssel səfəri və bu səfər zamanı keçirilmiş görüşdə əldə olunan nəticələr milli maraqlarımızın təmin olunması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin növbəti böyük uğurudur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyan arasında Brüsseldə, aprel ayının 6-da davam edən görüş zamanı qəbul olunmuş razılaşmalar cənab İlham Əliyevin regionda, eyni zamanda dünyada böyük nüfuz sahibi olduğunu bir daha təsdiq etdi.
Artıq, Avropada da başa düşürlər ki, Cənubi Qafqazda sülhün və əminamanlığın bərpa olunması regionun rifahının yaxşılaşması ilə bərabər, həmçinin Avropa qitəsinin enerji təhlükəsizliyinə də real tövhə verə bilər.
Ona görə də Avropa İttifaqı Şurasının son zamanlar məsələnin həlli istiqamətində zəruri tədbirlərin görülməsi istiqamətində atdığı addımlar və bu məqsədlə hər iki ölkə başçılarının görüşünün təşkilinə cəhdlər başa düşüləndir.
Eyni zamanda, beş saata yaxın davam edən Brüssel görüşündə tərəflər arasında aparılan danışıqların nəticəsi olaraq, qeyd etmək lazımdır ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması, sərhəddə gərginliyin aradan qaldırılması, sərhədlərin delimitasiya prosesinə başlaması barədə razılığın əldə olunması və bununla bağlı işçi qrupun yaradılması qərarı sülh razılaşmasının əsas komponenti olan Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklifin qəbulu kimi dəyərləndirilməlidir.
Bu görüş zamanı əldə olunmuş razılaşmada diqqəti cəlb edən əsas məqamlardan biri də “Dağlıq Qarabağ” ifadəsi və keçmişin qalığı olan, otuz ilə yaxın bir zamanda yalnız ara sıra görüşləri və heç bir nəticəsi olmayan danışıqları ilə yaddaşlara həkk olunan, fəaliyyətsizliyi və üzərinə götürdükləri vəzifəni yerinə yetirməyi bacarmayan bir təsisat kimi tarixin yaddaşına qovuşmuş ATƏT-in Minsk Qrupu həmsədrlik institutu haqqında hər hansı bir ifadənin razılaşmada yer almamsıdır.
Qeyd olunan fakt onu göstərir ki, Avropa İttifaqı da Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 nömrəli qətnamələrini tək başına icra edən Azərbaycanın 44 günlük vətən müharibəsində əldə etdiyi parlaq qələbədən sonra yaratmış olduğu yeni geosiyasi reallığı qəbul etmişdir.
Avropa İttifaqı və şəxsən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişell də başa düşür ki, dünyada böyük nüfuz sahibi olan, yüksək dövlət idarəçiliyi, regional liderlik bacarığı, zəngin biliyi, təcrübəsi və diplomatik uğurları ilə dünya liderlərini heyrətləndirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə yaxın təmasların qurulması, intensiv dialoq və əməkdaşlığın genişlənməsi Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasına həmçinin, Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsinə mühüm təkan verəcəkdir.
Hazırda, Ermənistanda gedən ictimai-siyasi proseslər və Erməni cəmiyyətində hökm sürən əhval-ruhiyyə onu göstərir ki, Azərbaycanla bu ölkə arasında münasibətlərin normallaşmasını, sülh müqaviləsinin imzalanmasını, sərhədlərin delimitasiyasını və kommunikasiyaların açılmasını istəməyən qara qüvvələr Azərbaycanın diplomatik uğuru qarşısında Ermənistan rəhbərliyinin təslim olduğunu həzm edə bilmir və reallığı qəbul etmək istəmədiklərini nümayiş etdirirlər.
Lakin, əsl reallıq budur ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində bütün məsələlərin həlli üçün əməli addımların atılması istiqamətində Azərbaycan Prezidentinin siyasi-diplomatik səyləri böyük səmərə verir. Brüsseldə keçirilmiş üç tərəfli görüşün nəticələri də buna bariz nümunədir.
UNEC Biznes Mərkəzinin direktoru,
Hüquq üzrə fəlsəfə doktoru, dosent Mikayıl Zeynalov