A

"Xalq qəzeti"

İşğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur bölgələrində genişmiqyaslı bərpa-quruculuq və yenidənqurma layihələri uğurla həyata keçirilir. Prezident İlham Əliyev düşməndən təmizlənən şəhər və kəndlərimizə mütəmadi səfərlər edir, dağıdılan yaşayış sahələrində bərpa-yenidənqurma işlərinin gedişini diqqət mərkəzində saxlayır.

Hazırda respublikamızın qarşı­sında duran ən ümdə məsələ Vətən müharibəsində əldə edilən parlaq zəfərin əbədiləşdirilməsi üçün doğma torpaqla­rından 30 ilə yaxın bir müddətdə köçkün düşən insanların öz yerlərinə qayıdışını təmin etməkdir. Bu mənada “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Mil­li Prioritetlər”də işğaldan azad olunan ərazilərə qayıdışla bağlı xüsusi bəndin yer almasının da mühüm siyasi və iqtisadi əhəmiyyəti var.

Böyük Qayıdış strategiyası vətəndaşlarımızın işğalçıdan təmizlənən ərazilərdə dayanıqlı məskunlaşmasını və həmin torpaqların ölkənin iqtisadi sisteminə inteqrasiyasını reallaşdıracaq. Bununla bərabər Azərbaycanın regionda beynəlxalq nəqliyyat-logistika dəhlizinin respublikamızın qlobal bazarlara çıxış imkanlarının artırılmasına, faşistlərdən təmizlənən xaraba torpaqlarda həyatın canlanmasına əhəmiyyətli təkan verəcək.

Hazırda, ilk növbədə, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdı­şı üçün ərazilər minalardan təmizlənir. Erməni vandallarına qarşı beynəlxalq səviyyədə təzminat davasının açıl­ması üçün onların vurduqları ziyanın qiymətləndirilməsi reallaşdırılır. Bütün bunlarla bərabər, lazımi inventarlaşdırma, pasportlaşdırma işləri aparılır. Magistral və dəmir yollarının çəkilişi, energetika siste­minin yenidən qurulması, digər infrastruk­tur layihələrinin icrası diqqət mərkəzində saxlanılır.

Dövlətimizin başçısı İlham Əliyev müşavirədə İkinci Qarabağ savaşından sonrakı dövrdə ən zəruri vəzifələrdən birinin də Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işlərini yüksək səviyədə həyata keçirməklə, soydaşla­rımızın Böyük Qayıdışını təmin etmək olduğunu bildirib. Dövlətimizin başçısı deyib: “Ağalı kəndinin sakinləri artıq bu il Ağalıda yerləşəcəklər, orada yaşayacaq­lar. Bu il Ağalı kəndinin açılışı olacaq. Bu, birinci pilot layihədir. Füzulinin Dövlətyarlı kəndinin yaradılmasına bu il başlanacaq. Bu, bir neçə kəndi birləşdirən layihədir. Ağalı kəndindən daha böyük yaşayış yeri olacaq. Azad edilmiş digər rayonlarda kəndlərin yenidən qurulması layihələri hazırlanır və şəhərlərlə paralel olaraq biz kəndləri də bərpa edəcəyik”.

Prezident İlham Əliyevin Böyük Qayıdış strategiyasında başlıca prioritetlərindən biri də işğaldan azad edilən ərazilərdə sosial şəraitin ən yüksək səviyyədə yaradılmasıdır. Məqsəd keçmiş məcburi köçkünlərin bu ərazilərdə yaşa­yışının mütərəqqi beynəlxalq təcrübəyə və innovativ yanaşmaya əsaslanan çevik mexanizmlər üzərində qurulma­sı, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq prinsiplərinin reallaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilməsidir. Bu baxımdan düşməndən təmizlənən ərazilərdə “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi”nin (DOST Agentliyi) yerli qurumlarının təşkili də mühüm önəm daşıyır. Bu konsepsi­yanın gerçəkləşdirilməsi məqsədilə azad edilmiş ərazilərdə “DOST” mərkəzlərinin təşkili planının hazırlanması bunun parlaq ifadəsidir.

Xatırladaq ki, cari ilin sonuna qədər Şuşa şəhərində Qarabağ regionunda ilk “DOST” mərkəzinin fəaliyyətə başlaya­cağı nəzərdə tutulur. Hazırda bununla əlaqədar layihə işləri gedir. Eyni zamanda, Cəbrayılda regional “DOST” mərkəzinin, Zəngilanın Ağalı kəndində “Ağıllı DOST”, “SMART DOST” prinsipi ilə layihənin reallaşdırılacağı nəzərdə tutulur. Kəlbəcər, Laçın, Ağdam, Hadrut, Zəngilan, Füzuli və Qubadlıda da “DOST” filiallarının yara­dılması, “ağıllı” kəndlərimizdə “SMART DOST” məntəqələrinin quraşdırılması planlaşdırılır.

Azərbaycan hazırda özünün ən şərəfli, məsuliyyətli və tarixi dövrünü yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq layihələri xal­qımızı tərəqqiyə, daha parlaq gələcəyə istiqamətləndirir. Bununla da dövlərimizin başçısının Prezident seçilərkən vəd etdiyi “hər bir azərbaycanlının Prezidenti olacağı” sözlərinin dövlət başçısının titanik fəaliyyəti ilə artıq təsdiqləndiyi sübut edilir.

Vəkil HÜSEYNOV,
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay