Sentyabrın 27-29-da Pekində 1-ci Çin azəbaycanşünaslıq beynəlxalq elmi konfransı keçiriləcək.
Pekin Xarici Dillər Universitetinin (PXDU) təşkilatçılığı və ev sahibliyi ilə keçiriləcək tədbirin məqsədi Azərbaycanın qədim tarixi, dili və mədəniyyətinin Çində elmi yolla tanıdılmasına töhfə vermək, iki xalq arasında mədəni əlaqələri dərindən araşdırmaq, iqtisadi əlaqələrin mövcud potensialını elmi yolla dəyərləndirmək, Çində azərbaycanşünaslıq elminin inkişafına təkan verməkdir.
Konfransda “İpək yolu üzərində Azərbaycan”, “Azərbaycanşünaslığın tarixi qaynaqları və tədqiqat metodları”, “Azərbaycan dilinin beynəlxalq tədrisi”, “Azərbaycan ədəbiyyatı, mədəniyyəti və tarixi”, “Azərbaycan-Çin: mədəniyyətlərarası əlaqələr” və “Bir kəmər, bir yol” çərçivəsində Azərbaycan-Çin iqtisadi əlaqələri” mövzularında məruzələr dinləniləcək, müzakirələr aparılacaq.
Konfransda iştirak etmək istəyənlər, iştirakçı formasını doldura bilərlər, avqustun 30-dək təşkilatçılara müraciət edə (Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.) bilərlər.