UNEC-in nümayəndə heyəti Türkiyənin aparıcı ali təhsil müəssisələrindən biri olan Sabancı Universitetində rəsmi işgüzar görüş keçirib.
Görüşdə UNEC-in Karyera Mərkəzinin direktoru Sevinc Məcid, Beynəlxalq Əməkdaşlıq Departamentinin Xarici əlaqələr şöbəsinin əməkdaşları Rəsul Yusibov, Günel Cəlilova və Xanım Ağadadaşova, eləcə də İctimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi Samir İsmayılzadə iştirak ediblər.
Səfər çərçivəsində Sabancı Universitetinin Beynəlxalq Ofisi əcnəbi tələbə cəlbi sahəsində həyata keçirilən proseslər, universitetin uzun illər ərzində formalaşdırdığı uğurlu kommunikasiya strategiyaları, rəqəmsal kampaniya üsulları və iştirak etdiyi beynəlxalq təhsil sərgiləri barədə geniş təqdimatla çıxış edib. Tərəflər tələbə mübadiləsi proqramları, qısamüddətli akademik layihələr, birgə təşəbbüslər və gələcək əməkdaşlıq istiqamətləri ətrafında müzakirələr aparıblar.
Görüş UNEC-in regional və qlobal tərəfdaşlıq şəbəkəsini genişləndirmək, rəqabətədavamlı təhsil modelini beynəlxalq müstəvidə daha geniş auditoriyaya çatdırmaq və əcnəbi tələbə cəlbini sistemli şəkildə gücləndirmək strategiyasına uyğun olaraq həyata keçirilib.