Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) şəhid tələbəsi Məhəmməd Umudovun valideynləri ali təhsil ocağına gələrək, burada ucaldılan Memorial-Xatirə Kompleksini ziyarət ediblər. Şəhidin valideynləri Eldar Umudov ilə Dilarə Babanlı UNEC-in əbədi tələbəsi Məhəmməd Umudov haqda xatirələrini də danışıblar. Onların müsahibəsini təqdim edirik:
Eldar Umudov: Oğlum 18 mart 1974-cü ildə Sumqayıt şəhərində dünyaya gəlib. Dörd oğlumuzun ən kiçiyi idi. 5 saylı orta məktəbə gedib. Ora səkkizillik olduğu üçün təhsilini 25 saylı riyaziyyat təmüyüllü orta məktəbdə başa vurub.
Dilarə Babanlı: Məhəmməd böyük qardaşı ilə birlikdə həm də karate ilə məşğul olurdu. Təhsil aldığı hər iki məktəbi karate üzrə bütün yarışlarda uğurla təmsil edib. Qara kəmər ustası idi. Özündən sonra mənə saysız-hesabsız diplom və medallarını nişanə qoyub gedib... Məhəmmədin karate formasını UNEC-in muzeyinə hədiyyə etmişik.
-Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olunmaq öz arzusu idi?
Eldar Umudov: Bəli! Riyaziyyatı çox gözəl bilirdi. Özündən böyük qardaşları da oxuyan uşaqlar idi, amma Məhəmmədin bu sahədə fitri istedadı var idi. Məktəbi bitirdiyi il, 1991-ci ildə universitetə qəbul olundu. Mühasib olmağı çox istəyirdi.
Dilarə Babanlı: Böyük qardaşı da İqtisad Universitetinin Maliyyə-kredit fakültəsini bitirmişdi. Məhəmməd dərslərə böyük həvəslə gəlib gedirdi. İlk imtahanını verəndə evə gec gəldi. Xasiyyətindən heç deməzdin 17 yaşı var, inadkar, əzmli oğlan idi. Ömründə evə “3” qiymətlə gəlməmişdi. Narahat oldum ki, yəqin aşağı qiymət alıb deyə evə gəlmir. Axşam saat 9 radələrində medalla gəldi ki, məni təbrik edin, yenə yarışda qalib gəldim. Sən demə imtahanını verib, oradan da yarışa yollanıb...
- Bu, onun həm də sonuncu imtahanı oldu?
Dilarə Babanlı: Bəli, oğlum cəmi bir semestr oxudu. Sonra, 1992-ci ildə Xocalı faciəsi baş verdi. Çox vətənpərvər və fəal idi. Özünə gələ bilmir, evə sığışmırdı. Sonradan bildik ki, 28 tələbə könüllü toplaşıb hərbi təlimlər keçirmişlər. Əşyalarının arasından qeyd dəftərlərini tapmışdıq. Gördük ki, qeyd dəftərçəsində bütün silah növlərinə dair məlumatlar yazıb. Öz əlləri ilə də silahların şəklini çəkib...
Eldar Umudov: Onun üçün valideynləri, dostları, təhsili hamısı ikinci plana keçdi. Könüllü orduya yollanacağını bildirdi. Dedi ki, dörd qardaşıq, birimiz getməliyik... Böyük qardaşım ailə qurub, yenicə ata olub. Digər iki qardaşım neçə ildir universitetdə oxuyurlar. Mən gedəcəyəm!
Dilarə Babanlı:Yalvardım, ağladım... Dedim ki, “ay oğul, anan qurban, sən axı lap balacasan. Hələ heç sağını-solunu tanımırsan”. Belə deyəndə də xoşuna gəlmirdi. Dedi - “Ana, ordu özümüzünküdür! Rus ordusu deyil ki, komandanı rus dilində versinlər. Öz dilimizdə danışırlar. Hər şeyi başa düşürəm!” Bir də onda xəbər tutduq ki, gedib...
- Cəbhənin hansı istiqamətində xidmət edirdi?Eldar Umudov: Müxtəlif universitetlərdə təhsil alan 28 tələbə ilə özlərinin yaratdıqları könüllülərdən ibarət qrupla Cəbrayılın Sirikli kəndinə yollanmışdılar. İyirmi günə qədər də döyüşdülər...
- Evlə əlaqə saxlayırdı?Dilarə Babanlı: Yox. Bir gün də olsun nə zəng etdi, nə bir parça kağızı gəldi. Gözümə yuxu getmirdi. Ad günündə süfrə açdım, gözlədim ki, bəlkə bu gün gələ. Novruz bayramı ərəfəsində anadan olmuşdu deyə düz 17 il idi ki, biz bu günü həm bayram, həm də Məhəmmədin ad günü kimi qeyd edirdik. Ailəmiz üçün ikiqat bayram idi. Amma həmin ili süfrəm açıq qaldı. Balam 18 yaşını səngərdə, güllənin, bombanın altında tamamladı. Narahat oldum ki, deyirlər bir il Novruz bayramını evində qarşılamayan... (Ağlayır)
- Eldar Umudov: Axırda məcbur olub, arxasınca getdim. Orada da komandiri mənə dedi ki, Məhəmmədin yaşı azdır... Amma haqqında xeyli xoş sözlər də dedi – cəsur, şücaətli, çevikdir... Özümlə gətirdim.
- Yenidən dərslərə gəlməyə başladı?
Dilarə Babanlı: Fikri-zikri qalmışdı cəbhədə. Yalvarıb deyirdim ki, hara gedirsən? Mənim atam müharibədən qayıtmayıb, istəmirəm balam da müharibəyə getsin. Atanın ata-anası, bacı-qardaşı yoxdur, onu tək qoyub getmə. Dedi “narahat olma, hər şey yaxşı olacaq. Uşaq deyiləm ki, idmançıyam. Yəni deyirsən özümü qoruya bilməyəcəyəm? Həm də ki, mən arxa cəbhədə olacağam. Sənə söz verirəm ki, ön cəbhəyə getməyəcəyəm”. Hər vəhclə məni arxayın salmağa çalışırdı ki, getməyinə razılıq verim...
Eldar Umudov: Oradan gətirəndən sonra özüm də başa saldım. Dedim, “oğul, sən hələ çox gəncsən, tələbəsən. Təhsilinlə məşğul ol. Hələ səni heç cəbhəyə çağıran da yoxdur!” Xeyli söhbət etdik, mənə söz verdi ki, arxayın ol, başa düşdüm. Mən də düşündüm ki, daha universitetə qayıdıb, dərslərini oxuyacaq. Həmən ərəfədə anası xəstə idi, işə getmirdi. Məhəmmədi anasına tapşırıb, işə getdim. Axşam işdən gələndə anası xəbər verdi ki, Məhəmməd gedib...
- Evdən çıxanda sizə Qarabağa getdiyini demədi?
Dilarə Babanlı: Yuxudan oyandım ki, yoxdur... Dedim yayın günüdür, bəlkə həyətə düşüb... Xeyli keçdi, qayıtmadı... Servantın şüşəsinə taxdığı məktubunu çox sonra gördüm... O məktubu görəndə artıq bildim ki, biz Məhəmmədi heç nə ilə evdə saxlaya bilmərik. O, qərarını verib...
- Məktubda nə yazılmışdı?
- Eldar Umudov: (Məktubu cibindən çıxardıb, oxuyur) “Ana, məni bağışla. Səni yata-yata qoyub gedirəm. Səninlə görüşə bilmədim. Məni bağışla. Atamın məni geri gətirməsinə baxmayaraq, mən burada qala bilməzdim. Mən mütləq cəbhədə olmalıyam, Vətənimi qorumalıyam. Gözəl anam, salamat qal! Hələlik! Qismət olsa, görüşərik. 06.06.1992”
- Dilarə Babanlı: Bacımgil Ağstafada yaşayırdı. İkinci dəfə evdən qaçanda onlara gedib. Xalasına deyib ki, sizi qorumağa gedirəm... Bacım xəbər verdi, atası yenə getdi arxasınca...
- Eldar Umudov: Xalasıgillə sağollaşıb, gedib Qazax batalyonuna qoşulmağa. Orada nə olub bilmirik, üz tutub Gəncə batalyonuna. Mən soraqlaya-soraqlaya gedib Gəncə batalyonuna çıxdım. Hərbi hissəyə gedib Məhəmmədi təsvir edəndə dedilər hə, elə bir uşaq gəlmişdi. Azyaşlı olduğu üçün batalyona qəbul etmədik. Dedik sən evə qayıt, oxu. Sən orada lazımsan. Araşdırandan sonra məlum oldu ki, Gəncədən də Tərtərə gəlib. Gəldim Tərtər batalyonuna. O vaxt Şahin Tağıyevin batalyonu Tərtərdəki bir məktəb binasında yerləşirdi. Orada soraqladım, dedilər bəli, buradadır, dizdə döyüşür. Kəşfiyyat qrupundadır, indi də əməliyyata gedib, gecə gələcək... Heyrətləndim. Kəşfiyyat qrupu nədir? Bu uşağın axı 18 yaşı var. Batalyonda dedilər ki, “Məhəmməd çox qorxmaz, cəsur və cəlddir. Peşəkar idmançıdır, ölümün gözünə dik baxır, ona görə də onu ürəklə əməliyyata göndərə bilirik”. Oturub gözlədim... Gecə keçdi, səhər açıldı...
- - Görüşə bildiniz?
- Eldar Umudov: Alınmadı... Səhər dedilər ki, qayıdan başı döyüşə yollanıb. Oğlumla sonuncu görüş də, söhbət də elə ürəyimin üstündə gəzdirdiyim bu məktubdur...
- Məhəmmədin şəhid olması barədə xəbəri necə aldınız?
- Eldar Umudov: İyulun 30-u idi. Ölkədə vəziyyət çox pis idi. Xalqımızın müharibədə ən çox itki verdiyi il idi, Qarabağdan demək olar ki, Azərbaycanın hər yanına maşın-maşın şəhid tabutları gəlirdi. Beş həyətdən ikisində şəhid çadırı qurulmuşdu. Belə günlərdə bütün həyət yasa batdırdı. Hələ o “çadır” bizim həyətdə qurulmamışdı deyə, qonşularla əyləşib söhbət edə bilirdik. Poçtalyon həyətə gələndə də elə mən həyətdə əyləşmişdim... Bu gün kimi yadımdadır, rus qadın idi... Bizə yaxınlaşıb, “Umudov kimdir?” soruşdu. Ayağa qalxdım ki, mənəm. Mənə bir teleqram uzatdı və həmən an da qaçaraq həyətdən çıxdı. Nə isə şübhələndim, qadın niyə belə bir anın içində yox oldu deyə bədənimdən bir gizilti keçdi. Əlimdəki teleqrama baxdım... Bax, onda dünyam qaraldı... O anda nələr yaşadım, indi sözlə deyə bilmərəm. Amma arzu edirəm ki, heç bir ataya belə xəbər gəlməsin... Qonşular məsələni əhvalımdan başa düşdülər. Məni evə qaldıranda xahiş etdim ki, evdə deməyin. Anası onsuz da günlərdir yuxu yatmır, bu xəbəri qəfil almasın... Mən təsəvvür edə bilmirdim ki, bir anaya “oğlun döyüşdə həlak olub, meyiti belə tapılmayıb” sözünü necə demək olar... Qonşular məni evə qaldırıb, su verdilər. sakitləşdirməyə çalışdılar... Elə bu vaxt qonşu qadınlar yavaş-yavaş bizə axışmağa başladı... Daha mənim nə isə deməyimə ehtiyac qalmadı... O özü hər şeyi başa düşmüşdü... 1992-ci ilin bütün məhəlləni matəmə bürüyən yas çadırı bizim də həyətdə quruldu... Amma cənazəsi yox idi... Teleqramda yazılırdı ki, meyiti döyüş bölgəsindən çıxartmaq mümkün olmayıb...
Dilarə Babanlı: O vaxt bütün şəhidləri Nərimanov klubuna gətirirdilər. Eldar yollandı kluba...
Eldar Umudov: Orada nə qədər axtarsam da, oğlumun meyitini tapa bilmədim. Mənim kimi oğlunu axtaran bir neçə ata bir-birimizə qoşulub, cəbhə bölgəsinə yollandıq. Gedib komandirə dedik ki, gəlmişik balamızı aparıb dəfn etməyə... Bizi əmin etdilər ki, qayıdın evə, gözləyin. Döyüşçü yoldaşları danışdılar ki, Ağdərənin Kaçapet kəndindəki döyüşlərdə... Düşmən öz mövqesini yüksəklikdə qurmuşdu... Məhəmməd döyüşdə çox cəsurluq etdi, bir neçə erməni yaraqlısını öldürdü. Son anda da bizim döyüşçülərə tuşlanan pulemyotu nişan alıb... Elə bu da sonuncu atəşi olub... Yanında olan döyüşçü yoldaşı danışdı ki, Məhəmmədi bir çalaya uzadıb, üstünü örtdüm ki, əl-ayaq altda qalmasın. Döyüş meydanından isə çıxartmaq mümkün olmadı. Hələ də meyitlərin ərazidən götürülməsi üçün danışıqlar aparırıq. Əmin olun, yerini də bilirik, ilk fürsətdə evə göndərəcəyik...Ata ürəyidir. Necə qayıdardım evə? Anasına necə deyərdim ki, oğlunun nə özünü gətirə bildim, nə ölüsünü... Bütün atalar da mənim kimi naəlac qalmışdı. O vaxt şəhidləri Tərtər məscidinə gətirir, orada adət-ənənəyə uyğun yuyub-kəfənləyir, evlərinə göndərirdilər. Üz tutduq bu məscidə. Şəhid atası olduğumuzu, oğlumuzun cəsədini axtardığımızı biləndə bizi meyitlərin arasına buraxdılar... İlahi, bir-birindən cavan. Yaraşıqlı uşaqlar nə halda idilər... Nə isə... Bu danışmalı mövzu deyil...
Dilarə Babanlı: Qayıdıb gəldi... Avqustun 9-u idi. Qonşular qapını döydü, açanda dedilər ki, “Eldar əmi evdədir? Uşağı gətiriblər”. Necə sevindim... Dedim yəqin tapıblar, yaralıdır... Sağdır balam...Yazıq qonşular da, gözlərinin qabağında böyüyən uşaq üçün “meyitini gətiriblər” sözünü deyə bilmirdi... Maşın da qonşu həyətdə saxlamışdı... Heç evə qaldırmadılar... Bircə atası gördü üzünü... Mənə göstərmədilər... Balamı sonuncu dəfə də olsa görə bilmədim...
Eldar Umudov: Heç qardaşlarını da qoymadım baxmağa. Tanımağa özüm tək getdim. Əmin olmalı idim ki, oğlumdur, özüdür, Məhəmməddir... Heç kimi yaxına buraxmadım, istəmədim kimsə onu elə görsün... O nə anaya, nə də qardaşa göstəriləcək mənzərə deyildi. Ölümündən düz doqquz gün keçirdi... Sonuncu görüşümüz oldu... Oğlum çox gənc idi, hələ bir ömür yaşamamışdı. Universitetə yenicə qəbul olunmuşdu. Onunla heç vaxt gizli bir söhbətimiz olmamışdı. Bu görüş bizim ata-bala arasında olan sirrimiz oldu... Ömrümün son gününə qədər də ürəyimdə qalacaq. Heç ailə üzvlərimə də danışmayacağam...
Dilarə Babanlı: Dəfnində böyük izdiham yaşanırdı. Sumqayıtdakı Şəhidlər Xiyabanında dəfn etdilər. Yaylım atəşi açdılar. Məzarı başında komandiri, döyüşçü yoldaşları çıxış etdilər. Dedilər ki, yaşı az olsa da, fikri, düşüncəsi, yanaşması yaşına görə deyildi. Çox mərd, müdrik və qorxmaz əsgər idi. Cəbhədə olduğu qısa müddətdə də böyük şüacaətlər göstərdi...
Eldar Umudov: Ölümündən sonra ard-arda iki il Sumqayıtda onun adına karate üzrə yarış keçirildi. İndi hər səhər tezdən oyanıb, Şəhidlər Xiyabanına oğlumla görüşə gedirəm. Düz iyirmi dörd ildir ki, günə belə başlayıram... Nəvələrim hər həftə Şəhidlər Xiyabanına gedib, əmiləri ilə görüşür, onunla qürur duyurlar. İldə iki dəfə, 30 iyul və 9 avqustda isə ailə ilə toplaşıb, anım gününü qeyd edirik... Bir də yanvarın 20-də... Axı bu müharibədə bircə mənim oğlum şəhid olmayıb... Xalqımız onminlərlə şəhid verib... Süfrəmizin başında Vətən uğrunda canından keçən bütün şəhidlərimiz ehtiramla yad edib, ruhlarına dualar oxuyuruq...