Radio UNEC-in fəaliyyətə başlamasının 5 illik yubileyi qeyd edilib.
Beş illik fəaliyyəti ərzində Radio UNEC təhsil, iqtisadiyyat, sosial, idman, səhiyyə, mədəniyyət və digər sahələrlə bağlı xəbərləri səsləndirməklə yanaşı, tələbə və müəllimlərin bir-birindən maraqlı layihələri ilə efirdə olub.
Radio UNEC tələbələrin asudə vaxtının daha səmərəli keçirilməsində, onların yaradıcılıq potensialının üzə çıxması və natiqlik bacarıqlarının formalaşmasında müstəsna rol oynayıb.
Radio UNEC-in “Biz də tələbə olmuşuq”, “UNEC News”, “Hərflərin izi”, “İqtisadi xəbər”, “Mix”, “Qlobus”, “Texnoman”, “Tibb saatı”, “UNEC müəllimi”, “Təhsilə dair”, “UNEC Rakus”, “UNEC İnkluziv Təhsil”, “UNEC İdman”, EkoUNEC”, “Vizyon+” və digər proqramları universitet kollektivi tərəfindən daim maraqla dinlənilib.
Radionun 5 illik yubileyi münasibətilə keçirilən onlayn tədbirdə UNEC Yaradıcılıq Mərkəzinin direktoru, Radio UNEC-in rəhbəri Elman Cəfərov 5 il ərzində radiodakı yeniliklər və layihələr barədə ətraflı məlumat verib. Bildirib ki, hazırda müəllim və tələbələrin müəllifi olduqları 25 proqram Radio UNEC-də dinləyicilərə təqdim edilir.
Tədbirdə iştirak edən Radio UNEC-in tələbə, müəllim və məzun aparıcıları müəllifi olduqları layihələr barədə danışıblar, eləcə də efirlə bağlı maraqlı xatirələrini paylaşıblar.
Onlayn tədbirdə Radio UNEC-in fəal aparıcıları olan məzunların təbrik videoçarxı da nümayiş olunub.