UNEC-in İqtisadiyyat və İdarəetmə fakültəsinin “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının əməkdaşları Bakı şəhəri 18, 36 və 158 saylı orta məktəblərin abituriyentləri ilə maarifləndirici görüş keçiriblər.
Tədbirdə kafedranın əməkdaşları dosentlər Sadıq Buludov, İbrahim Quliyev, Fəridə Qurbanova, müəllimlər Fəridə Əliyeva, Fidan Qurbanova və Rəşad Əbilzadə iştirak ediblər.
Görüş zamanı abituriyentlərə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) missiyası və əsas dəyərləri, beynəlxalq reytinqlərdə mövqeyi və əldə etdiyi nailiyyətlər, tərəfdaşlıq etdiyi ali təhsil müəssisələri və mövcud ixtisaslar barədə geniş məlumat təqdim olunub.
Eyni zamanda UNEC-də tətbiq olunan innovativ idarəetmə sistemi, tədris və imtahan prosesinin təşkili, tələbə təqaüdləri, mübadilə və beynəlxalq ikili diplom proqramları, UDİD və MİNOR proqramları, Kitabxana-İnformasiya Mərkəzinin fəaliyyəti, eləcə də universitetdə fəaliyyət göstərən tələbə təşkilatları haqqında təqdimat aparılıb.
Sonda abituriyentləri maraqlandıran suallar cavablandırılıb.