UNEC-in Ümumi fənlərin tədrisinin təşkili departamentində (ÜFTTD) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib.
Seminarı giriş sözü ilə departamentin direktoru dosent Gülnarə Rzayeva açaraq bildirib ki, AMEA-nın 80 illiyi ölkəmizdə elmin və təhsilin inkişafında mühüm mərhələdir. Onun sözlərinə görə, bu kimi elmi tədbirlərin təşkili gənc nəslin elmə marağının artırılması, milli elmi irsin tanıdılması və tədqiqata yönəlməsində mühüm rol oynayır.
Tədbirdə qonaq qismində çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix və Etnoqrafiya İnstitutunun şöbə müdiri, professor Cəbi Bəhramov AMEA-nın yaranma tarixi, inkişaf mərhələləri və müxtəlif dövrlərdə əldə olunan əsas elmi nailiyyətlər barədə geniş məlumat verib. O, Akademiyanın ilk illərindən formalaşan elmi məktəblər, tanınmış alimlərin fəaliyyəti və onların elmi irsi haqqında maraqlı faktlar səsləndirərək tələbələrin diqqətini Azərbaycan elminin keçdiyi yola yönəldib.
Seminarda həmçinin UNEC-in “Humanitar fənlər” kafedrasının müdiri professor Vəkil Həsənov və “Azərbaycan dili” kafedrasının müdiri professor Tofiq Əbdülhəsənov çıxış ediblər. Onlar elm və təhsilin inteqrasiyasının əhəmiyyəti, gənclərin elmi fəaliyyətə cəlb olunması və elmi məktəblərin davamlı inkişafı mövzusunda fikir mübadiləsi aparıblar.