A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının tərəfdaşlığı ilə “Gənc Müəllimlər: Suverenlik Yolunda Təhsil Missiyası” mövzusunda forum keçirilib.

Forumun keçirilməsində əsas məqsəd gənc müəllimlər arasında milli-mənəvi dəyərlərin aşılanması, müstəqillik və suverenliyin qorunmasında müəllimlərin rolunun vurğulanması, eləcə də təhsil ictimaiyyətinin bu sahədəki missiyasının müzakirəsi olub.

Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canını fəda etmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Forumun açılışında çıxış edən AGMA-nın sədri Pərvinə Qədimova təhsilin ölkənin ideoloji və milli dayaqlarından biri olduğunu vurğulayıb. O, müəllimlərin gənc nəslin vətənpərvərlik, dövlətçilik və milli kimlik ruhunda formalaşmasında müstəsna rolunu qeyd edib.

Milli Məclisin deputatı Naqif Həmzəyev isə çıxışında təhsilin dövlət siyasətində prioritet istiqamət olduğunu bildirərək, gənc müəllimlərin bu strateji sahədə fəallığının önəmini diqqətə çatdırıb.

Forum çərçivəsində “Müstəqillik və Suverenliyin Qorunmasında Müəllimin Missiyası” mövzusunda panel müzakirəsi keçirilib. Tarix müəllimləri və dərsliklərin həmmüəllifləri Hafiz Cabbarov və Ramil Tanrıverdi çıxış edərək, təhsildə ideoloji yanaşmalar, müəllimlərin milli dəyərlərin ötürülməsindəki rolu haqqında fikirlərini bölüşüblər.

Tədbirin növbəti hissəsində Təhsil İnstitutunun MDM Metodik xidmətin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Balayeva “Uşaq müdafiəsi və təhlükəsizliyi” mövzusunda çıxış edib. O, məktəblərdə uşaqların fiziki və psixoloji təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlərlə bağlı məlumat verib.

Sonda iştirakçılarla xatirə fotosu çəkilib.

TOP XƏBƏRLƏR