A

UNEC-in Ümumi fənlərin tədrisinin təşkili Departamentində (ÜFTTD) qeyri-ixtisas fənlərinin tədrisində müasir yanaşmaların tətbiqi istiqamətində elmi-metodiki seminarlara start verilib.

İlk seminar çərçivəsində müəllimlərə ÜFTTD-nin direktoru dos. Gülnarə Rzayeva tərəfindən süni intellect vasitəsilə NotebookLM və EdPuzzle rəqəmsal platformalarının imkanlarından istifadə etməklə hazırlanmış əlavə tədris resursları təqdim olunub. Seminarın məqsədi fənlərin tədrisində müəllimlərin rəqəmsal yanaşmaların tətbiq imkanları ilə tanış edilməsi olub.

Dos. Gülnarə Rzayeva seminarda çıxış edərək qeyd edib ki, NotebookLM üzərindən hazırlanan audio resurslar dialoq (diskussiya) formatında təqdim olunur ki, bu da tələbələrin mövzunu daha dərindən müzakirə etməsinə və analitik düşünmə bacarıqlarının inkişafına xidmət edir. EdPuzzle platformasında hazırlanan videolar isə testlərlə inteqrasiya olunaraq tələbələrə mövzunu mərhələli şəkildə qavramaq imkanı yaradır.

Seminar zamanı vurğulanıb ki, belə interaktiv və rəqəmsal yanaşmalar tələbələrin dərslərə marağını artırır, onların öyrənmə prosesinə daha fəal qoşulmasına şərait yaradır və ən əsası, mövzunun həm eşitmə, həm vizual, həm də praktik tətbiqlə mənimsənilməsini təmin edir. Eyni zamanda seminarda qeyd olunub ki, hazırda Ümumi fənlərin tədrisinin təşkili Departamenti üzrə 6 qeyri-ixtisas fənninin “Azərbaycan tarixi”, “Defektologiya”, “Psixologiya”, “Mülki müdafiə”, “Psixi sağlamlıq”, “Multikulturalizm” fənlərinin tədrisi üçün süni intellekt vasitəsilə dizayn olunmuş əlavə tədris materialları hazırlanıb. 

Sonda “Humanitar fənlər” kafedrasının müdiri prof. Vəkil Həsənov, prof. Hidayət Cəfərov, “Azərbaycan dili” kafedrasının müəllimləri dosentlər Çinarə Qəhrəmanova, Günal Səfərli, Gülbəniz İsmayılzadə, b.m. Samirə Əhmədova və başqaları çıxış edərək mövzu ilə bağlı müsbət fikirlərini bildiriblər.

TOP XƏBƏRLƏR