A

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk Dünyası İqtisad Fakültəsi (TUDİFAK) müəllimlərinin birgə qələmə aldığı “Türk Devletleri İşbirliği: Yeşil Ekonomi Çerçevesinde Faaliyetler ve Bunun Geleceğin İş Dünyasına Etkileri” adlı kitabın təqdimatı baş tutub.

Təqdimatı giriş sözü ilə açan UNEC Kitabxana-İnformasiya Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru Adilə Abdullayeva, kitabın aktuallığını vurğulayaraq, tədbirin 3 oktyabr Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü çərçivəsində keçirilməsinin rəmzi məna daşıdığını bildirib.

UNEC Türk Dünyası İqtisad Fakültəsinin dekanı, iqtisad üzrə fəlsəfə doktoru Yusif Əliyev çıxışında bildirib ki, bu nəşr UNEC-in təşəbbüsü ilə fakültənin müəllimlərinin birgə elmi əməkdaşlığının məhsuludur. O, qeyd edib ki, kitabda ekosistemdə tarazlığın qorunması, yaşıl iqtisadiyyat modelinə keçid, karbon emissiyalarının azaldılması, dövri iqtisadiyyatın imkanları, COP29-un qlobal siyasətdə rolu və gələcəyin iş dünyasında yaşıl bacarıqların formalaşması geniş şəkildə təhlil olunur.

Kitabın müəlliflərindən, fakültənin müəllimi Ləman Quliyeva, nəşrin müasir dövrdə artan ekoloji çağırışlar və iqlim böhranı fonunda yeni idarəetmə modellərinə keçidin vacibliyini əks etdirdiyini vurğulayıb. Həmçinin kitabda 11 elmi məqalənin yer aldığını və bu məqalələrdə dövri iqtisadiyyat və strateji idarəetmə, karbon uçotu, Azərbaycanın COP29 strategiyasının təhlili, yaşıl sahibkarlıq və davamlı turizm kimi aktual mövzuların əhatə olunduğunu nəzərə çatdırıb.

Ləman Quliyeva həmçinin bildirib ki, bu nəşr UNEC-in Türk Dünyası İqtisad Fakültəsi (TUDİFAK)  tərəfindən daha əvvəl təqdim edilmiş “Türk Devletleri İşbirliği: Mevcut Durum, Potansiyel İmkanlar ve Geleceğe Yönelik Perspektifler” və “Türk Dünyasında Yeşil ve Dönüşüm Ekonomisi: Geçiş İçin Yol Haritası” adlı kitabların məntiqi davamıdır.

Kitabın 10-cu fəslinin həmmüəllifi, UNEC müəllimi i.ü.f.d Maqsud Mirzəyev isə çıxışında “Yaşıl Girişimcilik Çerçevesinde Sürdürülebilir İş Modellerinin Geleceği” mövzusuna dair qısa məlumat verib. O qeyd edib ki, yaşıl sahibkarlıq müasir dövrdə yalnız mənfəət deyil, həm də ekoloji və sosial dəyərləri özündə birləşdirir. Fəsildə həmçinin COP29-un Bakıda keçirilməsinin yaratdığı imkanlar, bərpa olunan enerji, davamlı kənd təsərrüfatı və dövri iqtisadiyyat sahəsində potensiallar geniş təhlil olunub.

Sonda kitab ətrafında iştirakçıların sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR