UNEC-də Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsi, UNEC Multikulturalizm Mərkəzi, Ümumi Fənlərin Tədrisinin Təşkili Departamenti və Humanitar Fənlər kafedrasının təşkilatçılığı ilə “İşğaldan azad olunmuş Qarabağın mədəni tarixi abidələri” mövzusunda onlayn seminar keçirilib.
Seminarı giriş sözü ilə açan Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin müdiri Rəna Hüseynova seminarın UNEC Rektorunun Əmri ilə təsdiq olunmuş “27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planı” çərçivəsində keçirildiyini qeyd edib. 44 günlük Vətən müharibəsində qazanılan qələbə nəticəsində azad olunmuş Qarabağ ərazisindəki mədəni-tarixi abidələrimizin erməni işğalçıları tərəfindən talan edilməsi ilə bağlı məlumatların ictimaiyyətə çatdırılması istiqamətində tədbirin aktuallığından söz açıb.
Tədbirin məruzəçisi UNEC Multikulturalizm Mərkəzinin rəhbəri professor Məhəbbət Paşayeva «Ermənistan işğalının Qarabağın alban abidələrinə vurduğu zərər: mədəni soyqırım, tarixin falsifikasiyası» mövzusunda məruzə ilə çıxış edərək, bildirib ki, hər hansı bir xalqın varlığını təsdiqləyən maddi və mənəvi mədəniyyət abidələrinin düşünülmüş şəkildə məhv edilməsi, mənimsənilməsi mədəni soyqırımı adlanır. Ermənistanın 30 illik işğalı dövründə Azərbaycan xalqının arxeoloji irsinə qarşı mədəni soyqırımı siyasəti müxtəlif istiqamətlərdə həyata keçirilib.
Daha sonra Humanitar fənlər kafedrasının professoru Abbas Seyidov «Qarabağın arxeoloji mədəniyyət abidələri» adlı məruzə ilə çıxış edərək qeyd edib ki, Azıx mağarası Azərbaycan xalqının əcdadlarının yaşadığı mağara olub və ölkəmizə, xalqımıza aid maddi mədəniyyət abidəsi hesab edilir. Məruzəçi tərəfindən seminar iştirakçılarına Azıx mağarasında aparılan qanunsuz tədqiqat işlərini özündə əks etdirən foto şəkillər nümayiş etdirilib.
Ümumi Fənlərin Tədrisinin Təşkili Departamentinin direktoru dosent Gülnarə Rzayeva, Humanitar fənlər kafedrasının müdiri professor Vəkil Həsənov, dos. Yusif Fərzəliyev, Azərbaycan dili kafedrasının dosenti Cəlal Allahverdiyev çıxış edərək, 44 günlük Vətən müharibəsində şanlı Azərbaycan Ordusunun qələbəsi nəticəsində azad olunmuş Qarabağ ərazisindəki maddi və mənəvi mədəniyyət abidələrinin, o cümlədən arxeoloji abidələrin işğalçılar tərəfindən məhv edilməsinin erməni təcavüzkarlarının mədəni soyqırımı siyasətinin əyani sübutu olduğunu qeyd ediblər.
Seminarda UNEC-in professor-müəllim və tələbə heyəti iştirak edib. Sonda məruzəçilər tərəfindən tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıb, təklif və tövsiyələr səsləndirilib. Seminar UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanıb.
Tədbiri aşağıda qeyd olunan keçidə daxil olmaqla izləyə bilərsiniz:
https://fb.watch/8dwuiVyUgJ/