UNEC-in Rus İqtisad Məktəbi, İqtisadiyyat və idarəetmə fakültəsi və Türk Dünyası İqtisad fakültəsinin əməkdaşlarının iştirakı ilə Zəfər Gününə həsr olunmuş dəyirmi masa təşkil edilib.
Tədbirin məqsədi Azərbaycan xalqının şanlı qələbəsinin əhəmiyyətini bir daha vurğulamaq, Vətən müharibəsində qazanılan tarixi uğurların siyasi, iqtisadi və sosial aspektlərini müzakirə etmək olub.
Dəyirmi masada RİM-in direktoru, dosent Mənsur Bərxudarov, TUDİFAK-ın dekanı, dosent Yusif Əliyev, İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini, dosent Mehriban Kərimzadə, “Tətbiqi iqtisadiyyat” kafedrasının müdiri, dosent Sevinc Abbasova və digər əməkdaşlar çıxış ediblər.
Çıxış edənlər Zəfər Gününün Azərbaycan tarixində xüsusi yer tutduğunu, 44 günlük Vətən müharibəsinin ölkəmizin hərbi gücünü, xalqın birliyini və siyasi iradəsini dünyaya nümayiş etdirdiyini vurğulayıblar. Həmçinin, qazanılan Qələbənin regionun iqtisadi inkişafına, yeni kommunikasiya xəttlərinin formalaşmasına və Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsinə töhfə verdiyi qeyd olunub.
Tədbir zamanı iştirakçılar həmçinin şəhidlərin xatirəsini ehtiramla yad edib, qazilərin göstərdiyi fədakarlığın gənc nəslə vətənpərvərlik nümunəsi olduğunu bildiriblər. Sonda müzakirələrdə Azərbaycanın gələcək inkişaf strategiyalarında Zəfər Gününün ideya-siyasi əhəmiyyətinin qorunmasının vacibliyi vurğulanıb.