UNEC-in Ümumi fənlərin tədrisinin təşkili Departamentinin (ÜFTTD) və “Humanitar fənlər” kafedrasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan – qədim Türk-Oğuz yurdu, tarixi Azərbaycan torpağı” mövzusunda elmi seminar keçirilib.
Tədbiri giriş sözü ilə açan ÜFTTD-nin direktoru, dosent Gülnarə Rzayeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının əhəmiyyətini xüsusi vurğulamış, dövlət başçısının “Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar” fikrini seminar iştirakçılarının diqqətinə çatdırıb.
Sonra AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Qərbi Azərbaycan” tarixi şöbəsinin müdiri, professor Cəbi Bəhramov Qərbi Azərbaycanın tarixi ilə bağlı geniş məruzə ilə çıxış edib. Məruzəçi 1918-ci ildə ermənilərə verilmiş tarixi Azərbaycan torpağı olan Qərbi Azərbaycanın yeraltı və yerüstü maddi mədəniyyət nümunələrinin bu diyarın qədim Türk-Oğuz yurdu olduğunu faktlarla əsaslandırıb, həmçinin Qərbi Azərbaycanın həqiqi tarixinin yazılması istiqamətində görülən elmi işlər barədə məlumat verib.
Seminarda “Humanitar fənlər” kafedrasının müdiri, professor Vəkil Həsənov çıxış edərək Qərbi Azərbaycanda tarixi toponimlərin ermənilər tərəfindən saxtalaşdırılması və dəyişdirilməsi barədə ətraflı danışıb. O, Azərbaycan toponimlərinin dəyişdirilməsinə 1837-ci ildə rus çarının Qafqaza səfəri zamanı tarixi Azərbaycan məskəni olan Gümrünün adının dəyişdirilərək Aleksandropol adlandırılması ilə başlandığını və sonrakı dövrlərdə bütün türk adlarının sistemli şəkildə “haylaşdırıldığını” qeyd edib.
Sonda seminar iştirakçılarının sualları cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.