A

Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) İnformasiya Resurs Mərkəzinin əməkdaşları və kitabxana mütəxəssisləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kitabxana-İnformasiya Mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Təcrübə mübadiləsi məqsədilə təşkil olunan görüş zamanı qonaqlar UNEC-in Əsaslı kitabxanasında Kataloqlaşdırma, Kitabişləmə və Biblioqrafiya şöbəsi, həmçinin Xidmət şöbəsində aparılan iş prosesi ilə yaxından tanış olublar. Onlara ənənəvi və rəqəmsal resurslardan operativ istifadənin təşkili qaydaları, UNEC-in elektron kitabxanası (library.unec.edu.az) və oxuculara hibrid formada göstərilən xidmət üsulları haqqında geniş məlumat verilib.

Görüş zamanı ADDA nümayəndələri UNEC-də ölkədə ilk dəfə tətbiq olunan, fasiləsiz fəaliyyət göstərən 24/7 kitabxana modelinin, həmçinin müasir texnologiyalarla təchiz edilmiş oxu zallarının işıqlandırma və havalandırma sistemlərinin oxucular üçün yaratdığı komfortlu şəraiti yerində müşahidə ediblər. Qonaqlara, həmçinin, tədris və tədqiqatların dəstəklənməsi məqsədilə abunə olunan beynəlxalq elmi onlayn məlumat bazalarından effektiv istifadə imkanları təqdim olunub.

UNEC-in 1 saylı kitabxanasında təşkil olunan tanışlıq zamanı isə qonaqlara oxucularla işin təşkili istiqamətində həyata keçirilən layihələr, rəqəmsal universitet modelinə inteqrasiya, təhsilalanlara biblioqrafik dəstək, açıq rəf sistemindən istifadə imkanları və digər fəaliyyətlər barədə ətraflı məlumat verilib.

Görüş səmərəli fikir mübadiləsi və əməkdaşlıq imkanlarının müzakirəsi ilə yekunlaşıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay