UNEC-in Rus İqtisad Məktəbi, İqtisadiyyat və idarəetmə fakültəsi və Koqnitiv İqtisadiyyat Mərkəzinin birgə təşkilatçılığı ilə “Şuşa ili”nə həsr olunan “Böyük Qayıdışın elmi-təhsil və sosial-mədəni aspektləri” mövzusunda dəyirmi masa təşkil olunub.
Rus İqtisad Məktəbinin direktoru, Koqnitiv İqtisadiyyat Mərkəzinin rəhbəri, dosent Mənsur Bərxudarov tədbirin açılışında rəqəmsal iqtisadiyyata keçidin əsas lokomotivi olan investisiyalardan söz açıb. Gənc nəslə vətənpərvərlik hislərinin aşılanmasının əhəmiyyətindən bəhs edən mərkəz direktoru, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramının icra mexanizmləri barədə də məlumat verib.
Tədbirdə iştirak edən Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Maliyyə və iqtisadiyyat şöbəsinin müdiri Zöhrab Həsənov doğma yurd-yuvalarına qayıtmış əhalinin adaptasiyasında ictimaiyyətin rolunun artırılması barədə məruzə ilə çıxış edib.
Sonra Tətbiqi İqtisadiyyat kafedrasının məsləhətçi-professoru Fərhad Rəhmanov Böyük Qayıdışın Dövlət Proqramında əks olunan elmi-təhsil və sosial-mədəni məsələlərin həlli, maddi mədəniyyət abidələrinin elmi araşdırma aspektləri barədə məlumat verib.
İqtisadiyyat kafedrasının müdiri, dosent Suqra Hümbətova Qarabağ və Şərgi Zəngəzura qayıdan əhalinin aktivliyinin stimullaşdırma aspektlərindən, Rus İqtisad Məktəbinin direktor müavini Anar Eyyubov geri qaytarılmış ərazilərinin bərpasında dünya təcrübəsinin tətbiqindən, UNEC RİM üzrə Tələbə elmi cəmiyyətinin sədri Rüfət Hüseynzadə isə rəqəmsal cəmiyyətin formalaşması şəraitində öz torpaqlarına qayıdan əhalinin kadr hazırlığı məsələlərindən bəhs ediblər.
Dəyirmi masa məruzə mövzuları ətrafında müzakirələrlə davam edib.