Malayziyaya işgüzar səfər çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradovun rəhbərliyi ilə nümayəndə heyəti ölkənin aparıcı ali təhsil müəssisələrindən biri olan Tunku Abdul Rahman Universitetində (UTAR) rəsmi səfərdə olub.
UNEC nümayəndələri UTAR-ın prezidenti Ir. Prof. Dato Dr. İv Honq Tat tərəfindən qarşılanıb. Görüş zamanı UTAR prezidenti UNEC ilə əməkdaşlığın onlar üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq, Bakıdan gələn nümayəndə heyətini Kuala Lumpurda qəbul etməkdən məmnunluğunu ifadə edib.
Daha sonra UNEC-in rektoru professor Ədalət Muradov fəxri qonaq qismində çıxış edərək universitet haqqında məlumat verib, iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın potensial istiqamətlərinə toxunub. O, rəqəmsal iqtisadiyyat, oyun dizaynı kimi proqramların hər iki tərəf üçün böyük maraq kəsb etdiyini bildirib və bu istiqamətlərin inkişafının tərəfdaşlıq üçün geniş imkanlar açdığını qeyd edib.
Görüş zamanı birgə tədqiqat mərkəzinin yaradılması, birgə elmi araşdırmaların aparılması, tələbə və müəllim mübadiləsi, eləcə də UNEC-də ortaq institutun təsis edilməsi kimi mühüm hədəflər müəyyən olunub.
Səfərin sonunda UNEC və UTAR arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.