A

UNEC-in 90 illik yubileyi və UNEC İnklüziv Təhsil Mərkəzinin yaradılmasının 5 illiyi münasibətilə “İnklüziv ali təhsildə 3N: “Nəyi bilməliyik?”,  “Nə etməliyik?” və “Nə edə bilərik?” mövzusunda beynəlxalq onlayn seminar keçirilib.

Seminarda millət vəkili, Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin prezidenti Fazil Mustafa, Moskva Dövlət Humanitar İqtisad Universitetinin rektoru Vaqif Bayramov, Türkiyənin Qlobal Əngəllilər Fondunun təsisçisi və prezidenti Necdet Öztürk, Makedoniya Universitetinin Təhsil və Sosial Siyasət Departamentinin rəhbəri, dosent Lefkothea Kartasidou, eləcə də nazirlik, dövlət qurumları, yerli və xarici ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.

UNEC İnklüziv Təhsil Mərkəzinin koordinatoru Sevinc Məhsimovanın moderatorluğu ilə keçirilən onlayn seminarda inklüziv təhsil və onun təşkili, qarşıya çıxan problemlər və onların həlli yolları, inklüziv təhsildə istifadə edilən rəqəmsal texnologiyalar, kitabxana xidmətinin təşkili, əlilliyin növləri (nozologiyalar) mövzuları ətrafında müzakirələr aparılıb.

S.Məhsimova iştirakçılara UNEC İnklüziv Təhsil Mərkəzi barədə ətraflı məlumat verib, fiziki məhdudiyyətli gənclərin ali təhsilə inteqrasiyası üçün universitetdə inklüziv təhsil mühitinin yaradıldığını vurğulayıb. Bildirib ki, bu mühit təhsilin hamı üçün əlçatan olmasını təmin etməklə yanaşı, sosial bərabərliyin qorunmasına, fiziki məhdudiyyətli gənclərin öz potensiallarını nümayiş etdirə bilməsi və təhsil ehtiyaclarının ödənilməsinə şərait yaradır.

Ölkədə ilk dəfə olaraq inklüziv ali təhsildə bakalavr pilləsi üzrə UNEC ilə Moskva Dövlət Humanitar İqtisad Universiteti (MDHİU) arasında ikili diplom proqramının reallaşdırılması seminar iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.

Millət vəkili Fazil Mustafa əlilliyi olan uşaqların və gənclərin təhsil və idman prosesi vasitəsilə sosiallaşması istiqamətində Xüsusi Olimpiya Komitəsinin gördüyü işlərdən danışıb. Millət vəkili inklüziv təhsil sahəsində cəmiyyətdə maarifləndirmə işinin daha da gücləndirilməsinin, təhsil müəssisələrinin müvafiq infrastrukturlarla təmin edilməsinin, eləcə də əlilliyi olan gənclərin ali təhsilə psixoloji hazırlığının vacibliyini vurğulayıb.

Seminarda Regional İnkişaf İctimai Birliyinin inklüziv təhsil üzrə mütəxəssisi Fərid Süleymanov “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” mövzusunda çıxış edib.

Makedoniya Universitetin Təhsil və Sosial Siyasər departamentinin rəhbəri dosent Lefkothea Kardasidou təmsil etdiyi universitetin əlil tələbələrlə bağlı həyata keçirdiyi yeniliklərdən danışıb.

Türkiyənin Qlobal Əngəllilər Fondunun təsisçisi və prezidenti Necdet Öztürk inklüziv təhsilin əsas xüsusiyyətlərindən danışıb. Əlillərin təhsil hüquqlarının qorunmasının vacibliyini vurğulayan N.Öztürk, bu sahədə dünyanın qabaqcıl universitetlərinin təcrübəsindən faydalanmağı tövsiyə edib, beynəlxalq standartları açıqlayıb.

Xəzər Universitetin Psixologiya şöbəsinin koordinatoru, Psixloji xidmət Mərkəzinin rəhbəri Mələk Kərimova postpandemiya mərhələsində bütün sahələrdə rəqəmsal texnologiyalardan istifadənin qaçılmaz olduğunu diqqətə çatdırıb, bu texnologiyaların inklüziv təhsil mühitində tətbiqinin faydalarından danışıb.

UNEC Rəqəmsal iqtisadiyyat və İKT kafedrasının dosenti Təranə Əliyevaya təhsildə rəqəmsal texnologiyaların istifadə olunmasının vacibliyini bildirərək, əlilliyi olan şəxslər üçün təhsil prosesində istifadə olunan rəqəmsal texnoloji yeniliklərdən  söz açıb.

UNEC 24/7 Kitabxananın rəhbəri, elektron kitabxana mütəxəssisi Arzu Məmmədova inklüziv kitabxana xidmətlərinin xüsusiyyətlərini açıqlayıb.

Beynəlxalq tədbirdə inklüziv təhsil imkanlarının artırılması, əlilliyi olan şəxslərin inklüziv təhsilə cəlb olunması, inkluziv təhsildə pedaqoq və psixoloqların rolu və digər mözvularda fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.

TOP XƏBƏRLƏR