A

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyi münasibətilə UNEC-in Əsaslı kitabxanasında “Dilin, Düşüncənin, Vətənin şairi – 100” mövzusunda dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə UNEC Kitabxana-İnformasiya Mərkəzinin Əsaslı kitabxanasının müdiri Yusif Musayev açaraq bildirib ki, dəyirmi masa UNEC-in Tədbirlər Planına uyğun olaraq Bəxtiyar Vahabzadənin yubileyinin qeyd edilməsi məqsədilə təşkil olunub. O, tədbirin tələbələrin yaradıcılıqla tanışlığını dərinləşdirmək və onların mənəvi-estetik zövqünün formalaşmasına xidmət etdiyini vurğulayıb.

UNEC-in tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova çıxışında Prezident İlham Əliyevin Bəxtiyar Vahabzadənin 100 illiyinin qeyd edilməsi ilə bağlı imzaladığı Sərəncamın əhəmiyyətindən danışıb. O, bu qərarın yalnız Azərbaycan ədəbiyyatına deyil, həm də milli dilin qorunmasına, milli-mənəvi dəyərlərin və vətənpərvərliyin təbliğinə mühüm töhfə olduğunu qeyd edib.

Professor Maarifə Hacıyeva məruzəsində dil, düşüncə və vətən anlayışlarının Bəxtiyar Vahabzadə yaradıcılığının əsas qayəsini təşkil etdiyini diqqətə çatdırıb. O, şairin əsərlərinin bədii keyfiyyətləri, janr müxtəlifliyi və milli özünüdərk prosesindəki rolu barədə faktlarla çıxış edib.

UNEC-in Ümumi fənnlərin tədrisinin təşkili departamentinin direktoru, dosent Gülnarə Rzayeva çıxışında tələbələr arasında Bəxtiyar Vahabzadə yaradıcılığına olan maraqdan və yubiley çərçivəsində görülən işlərdən bəhs edib.

“Azərbaycan dili” kafedrasının professoru Tofiq Əbdülhəsənov isə şairin yaradıcılığını “dəniz qədər dərin və geniş” adlandıraraq, xüsusilə “Gülüstan” poemasında milli məsələlərin bədii şəkildə əksini tapdığını vurğulayıb.

UNEC Yaradıcılıq Mərkəzinin direktoru Elman Cəfərov tədbir iştirakçılarını məlumatlandıraraq bildirib ki, tələbələr Bəxtiyar Vahabzadənin səhnə əsərlərindən seçilmiş nümunələri ifa etmək üçün xüsusi hazırlıq prosesinə başlayıblar.

Tədbirdə UNEC tələbələri şairin şeirlərindən nümunələr səsləndiriblər: İqtisadiyyat və idarəetmə fakültəsinin I kurs tələbəsi Günel Məmmədova “Bayraq”, həmin fakültənin IV kurs tələbəsi Turan Mirzəyev “Türkiyə–Azərbaycan”, Maliyyə və mühasibat fakültəsinin II kurs tələbəsi Rəfiqə Canıyeva isə “Ana” şeirini ifa ediblər.

UNEC Kitabxana-İnformasiya Mərkəzinin 1 saylı kitabxanasının əməkdaşı Yeganə Məmmədova şairin həyat və yaradıcılığı barədə təəssüratlarını bölüşərək, Bəxtiyar Vahabzadənin əsərlərinin bu gün də aktuallığını qoruduğunu qeyd edib.

Sonda tələbələrin sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR