A

UNEC-in 90 illik yubileyi ilə bağlı tədbirlər planı çərçivəsində universitetin rəhmətə getmiş alim və əməkdaşlarının əziz xatirəsinə həsr olunan “Alimlərimizi yad edirik” rubrukasında onların həyat və fəaliyyətləri barədə materiallar təqdim olunur. Bu dəfə tanınmış iqtisadçı alim, nüfuzlu pedaqoq, iqtisad elmləri doktoru, professor  Əsəd Dilbazovun xatirəsini yad edəcəyik.

Azərbaycan Vətən tarixi və İqtisadi tarix elminin görkəmli nümayəndələrindən biri olan, iqtisad elmləri doktoru, professor Əsəd Dilbazov (Dilbazi) 1926-cı il yanvarın 12-də Qazax mahalının qədim Xanlıqlar kəndində, sovetləşmədən sonra öz səksəkəli həyatını yaşayan bir bəy ailəsində anadan olmuşdur. 1931-1936-cı illərdə ailəsi ilə birlikdə mülkləri müsadirə olunmaqla uzaq Qazaxıstana sürgün olunmuşlar. Atası Kamil aga sürgün məşəqqətlərinə dözməyərək vəfat etmişdir. Kiçik yaşlı bir bacısı da sürgündə dünyasını dəyişmişdir. 1936-cı ildə balaca Əsəd qardaşı Agalar və anası Gövhər xanımla  bərabər Azərbaycana qayıda bilmişlər. Lakin onlara doğma kəndlərində deyil, Qazax şəhərində məskunlaşmağa icazə verilmişdir. Ona görə də orta təhsilini elə Qazax şəhər orta məktəbində almışdır. 1943-cü uldə orta məktəbi əla qiymətlərlə bitirərək, elə həmin il Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olmuşdur. 1947-ci ildə institutu «Orta məktəbdə tarix müəllimi» ixtisası üzrə fərqlənmə diplomu ilə başa vurur. Əsəd Dilbazov institutun ictimai həyatında fəal iştirak edir, sovet dönəmində mühüm yer tutan komsomol işində fəallıq göstərirdi, məhz bunun sayəsində  1947-ci ilin martında artıq Kommunist Partiyasına üzv ola bilir.

Ali məktəbi bitirdiyi il onun elmə olan həvəsini, hazırlığını və əlbəttə, partiyalılığını nəzərə alaraq, aspiranturada saxlayırlar. Elə həmin tarix ali məktəblərdə onun uzun sürən-56 illik elmi həyatının başlanğıc nöqtəsi sayıla bilər. O,  1947-ci il oktyabrın 1-dən 1950-ci il oktyabrın 1-nə qədərki dövrdə   Azərbaycan Dövlət Pedaqoji İnstitutunun “SSRİ tarixi” kafedrasında aspiranturada təhsilini davam etdirmiş,  1950-53-cü illərdə bu kafedranın assistenti, 1953-60-cı illərdə isə baş müəllimi olmuşdur.

Pedaqoji fəaliyyətlə yanaşı, elmi tədqiqatlarını davam etdirən Ə.Dilbazov  namizədlik dissertasiyasını 1959-cu ilin oktyabrında Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində müdafiə etmişdir. Ümumittifaq Attestasiya Komissiyasından aldığı elmlər namizədi diplomunda 20 iyul 1960-cı il tarixi qeyd olunur. Qeyd etmək lazımdır ki,  bu namizədlik işi ölkənin aparıcı elm ocağı  olan Azərbaycan Dövlət Universitetinin deyil, mübaliğəsiz demək olar ki, o zamankı sovet elmi çevrələrində müsbət qarşılanmışdı. Bu baxımdan onun 1960-cı il sentyabrın 1-dən artıq respublikanın ən prestijli ali məktəbi sayılan Azərbaycan Dövlət Universitetinə keçməsi təsadüfi sayıla bilməzdi. Əsəd Dilbazov burada 1966-cı il sentyabrın 1-dək “Azərbaycan tarixi” kafedrasının dosenti işləyir.

1959-cu ilin mart ayından  fəaliyyəti dayandırılaraq Azərbaycan Dövlət Universitetinin  iqtisad fakültəsinə çevrilmiş, Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun 1966-cı ildən müstəqilliyinin bərpası ilə bu ali məktəbin yüksək ixtisaslı mütəxəssislərlə təmin olunması məsələsi öz həllini tapmalı idi. ADU-nun İqtisad fakültəsi bazasında yaradılan bu ali məktəb üçün universitetin professor-müəllim heyəti sırasından formalaşdırılan  kontingentlə bir arada о da 1966-cı il sentyabrın 1-dən bu yeni institutda işə  keçərək, burada 1975-ci il sentyabrın 25-dək “İqtisad tarixi” kafedrasının dosenti vəzifəsində çalışmışdır.  Həmin  ildən etibarən D.Bünyadzadə adına AXTİ-nin əyani, axşam və qiyabi şöbələrində tələbələrə Azərbaycan tarixi, Azərbaycanın və xarici dövlətlərin iqtisad tarixi fənnindən   mühazirələr oxumuş və seminarlar aparmışdır.

D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı institutunda pedaqoji fəaliyyəti ilə paralel olaraq Azərbaycanın iqtisadi tarixinin aktual, perspektivli problemləri üzrə elmi-tədqiqat işlərini də uğurla davam etdirir. Əsəd Dilbazov elmi araşdırmalarını uğurla başa çatdıra bilməsi üçün 1971-ci ildə 2 il müddətinə baş elmi işçi vəzifəsinə keçirilir və 1974-cü ildə «Azərbaycan SSR-də sosialist sənayesinin formalaşması problemləri» mövzusunda doktorluq  elmi işini müvəffəqiyyətlə yekunlaşdırır. Əsər bir müttəfiq respublika olaraq Azərbaycanda iqtisadi quruculuğun 1920-28-ci illər dövrünü əhatə edirdi. Bu dissertasiya ilə o, respublikada iqtisadi tarix elmi üzrə ilk doktorluq dissertasiyasını müdafiə edənlərdən, bu elmin əsasını qoyanlardan biri oldu. 1977-ci il yanvarın 21-də ona iqtisad elmləri doktoru elmi dərəcəsi,  1979-cu il fevralın 23-də isə AXTİ-nin “Tarix kafedrası”nın professoru vəzifəsi verilir. Sonrakı beş il, yəni 1975-ci ildən 1980-ci il noyabrın 28-dək Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda  «Xalq təsərrüfatının iqtisadiyyatı və planlaşdırılması» fakültəsinin dekanı vəzifəsini tutur.

Əsəd Dilbazov 1980-ci ilın oktyabrından 1984-cü ilin oktyabrınadək  AXTİ-nin “Siyasi İqtisad”  kafedrasının professoru (iqtisad tarixi fənnini  tədris etməklə) olmuşdur. Onun sonrakı fəaliyyətində iqtisadi tarix üzrə aparıcı mütəxəssis olmaqla bu fənnin tədrisinin təşkili, elmi araşdırmalara rəhbərlik xüsusi yer tutmuşdur. 1984-cü ilin dekabrından 1987-ci ilin noyabrınadək AXTİ-nin “İqtisad tarixi”  kafedrasının müdiri vəzifəsində çalışması da təsadüfi sayıla bilməz. O, əldə etdiyi bilik və müvəffəqiyyətlərlə kifayətlənməyərək həmişə yeniliklərə can atmış, yaşı və təcrübəsinə baxmayaraq, biliyini artırmağa çalışmışdır. Məsələn, 1984-cü ildə Tbilisi Dövlət Universitetinin “İqtisad tarixi” və “İqtisadi təlimlər tarixi” kafedrasında elmi-pedaqoji fəaliyyət göstərmişdir.

Onun elmi bioqrafiyasında belə bir qeyd də var ki, 1987-ci ilin noyabr-dekabr aylarında - haradasa bir aylıq müddətdə AXTİ-nin “Sov.İKP tarixi kafedrası”nın professoru (iqtisad tarixini tədris etməklə) vəzifəsinə dəyişdirilmişdir. Qeyd edək ki, sovet dönəmində bu kafedralar ali məktəblərdə ciddi mövqeyə sahib idi.

Ə.Dilbazov 1988-ci ilin yanvarından müddətli müqavilə ilə Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutu Bakı filialının “Sov.İKP tarixi” kafedrasının professoru vəzifəsinə təyin edilmişdir. Bu vəzifəyə təyinat almaq üçün institut şurası tərəfindən müsabiqə qaydasında seçki keçirilmişdi. 1989-cu ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət İqtisad İnstiututunun “Azərbaycan tarixi” kafedrasının professoru kimi fəaliyyətini davam etdirmişdir.

O, respublikanın, eləcə də keçmiş İttifaqın nəşriyyatlarında çap olunmuş xeyli sayda monoqrafiya, dərslik, elmi səciyyəli jurnal məqalələrinin elmi redaktoru və müəllifi olmuşdur. Məsələn, göstərilir ki, professor Ə.Dilbazov 5 monoqrafiya, 50-dən çox elmi məqalənin müəllifidir. Bu dəyərli əsərlərilə sovet dönəmində və sonra onun iqtisad elminin zənginləşdirilməsində az rol oynamadığı şəksiz qəbul edilir. Zamanında onun ciddi qarşılanmış əsərləri sırasında «Sənayenin milliləşdirilməsinın Sovet metodu» (1970), «Azərbaycan SSR-də sosialist sənayesinın formalaşması problemləri» (1976), «SSRİ və xarici ölkələrın iqtisadi tarixi» (1978), «Azərbaycanda kapitalist sənayesinin inkişaf mərhələləri» (2000) və s. kıtabları, çoxlu elmi məqalələri onun elmi-tədqiqat dairəsinin genişliyindən xəbər verir.                                                                      

Ə.Dilbazov bir çox beynəlxalq simpoziumlarda, keçmiş SSRİ-nin Ümumittifaq elmi konfranslarında iqtisadi-nəzəri və praktik problemlər üzrə məruzələr və çıxışlar etmişdır. O, 1970-ci ildə Leninqradda iqtisadi tarix problemləri üzrə keçirilən beynəlxalq konqresdə «Sənayenin milliləşdirilməsinin Sovet metodu» adlı məruzə ilə çıxış etmişdir. Sonradan həmin məruzə kitab şəklində çap olunmuşdur. Bundan başqa, ümumittifaq və respublika elmi konfranslarında, elmi seminarlarda iqtisadi məsələlərə dair dəfələrlə nəzəri-metodoloji aspektli məruzələrlə çıxış etmiışdir.                                 

2002-ci ildə anadan olmasının 75 illiyi münasibəti ilə ölkə prezidentinin fərmanı ilə «Şöhrət» ordeni ilə təltif edilmişdir. 21 iyul 2003-cü ildə Bakı şəhərində vəfat etmişdir. 

Hidayət Cəfərov,
“Humanitar fənlər” kafedrasının professoru, t.e.d. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay